Mart 23, 2016 19:13 Asia/Baku
  •  “Terrorun neftin qiymətinə təsiri uzun müddət sürə bilməz”

İlham Şaban: “Terrorun neftin qiymətinə təsiri uzun müddət sürə bilməz”

Dünən Brüsseldə baş verən terror hadisəsi tək insanların əhval ruhiyyəsinə deyil, neftin də qiymətlərinə təsir edib. Belə ki, Brüsseldə baş verən terror aktından sonra dünya bazarında neftin qiyməti ucuzlaşmağa başlayıb. Dünya birjalarında aparılan ticarət əməliyyatlarında Brent markalı neftin qiyməti 0,14% azalaraq 41,48 dollara qədər enib. WTI-Layt markalı neftin qiyməti də 0,10% aşağı enərək, 41,48 dollar təşkil edib. Terror xəbərindən əvvəl, Brent markalı neftin bir barrelinin qiyməti 41 dollar 76 sent, WTI markalı neftin dəyəri isə 41 dollar 77 sent təşkil edib. Bu gün artıq Nyu-Yorkun NYMEX birjasında WTI markalı yüngül neftin aprel fyuçersləri 1,23% düşərək, bir barelə görə 40,94 dollar təşkil edib. Londonun "ICE Futures" birjasında "Brent" markalı neftin may fyuçersləri isə 1,03% aşağı düşərək, 41,36 dollar/barel təşkil edib.

Neft Araşdırmaları mərkəzinin rəhbəri İlham Şaban Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, bu cür mәnfi təsirlər bazar iştirakçılarında fәallığın düşməsinə səbəb olur: “Brüsseldəki terror aktı dünya neft qiymətlərinə müəyyən dərəcədə təsir etdi. Amma bu təsir uzun müddət sürə bilməz. Bu cür təsirlər heç zaman orta və uzun müddətli dövr üçün keçərli olmur. Fәallığın düşməsi də öz növbəsində terror aktının neft logistikasına olan hissələri, obyektləri, istehlakçıların aktivliyinin səbəblərindən təsirlənir. Amma bütün bunlar qısa müddət ərzində toparlanan proseslərdir.

 

Hətta mən deyərdim 1 günә bu proseslərin bazarda bərpası tam mümkündür. Burada başqa bir amil yoxdur. İkinci bir məsələ ondan ibarətdir ki, yarım faizdən artıq neft qiymətlərinin azalmasını müşahidə edirik. Bu isə ABŞ neft institutunun ilkin proqnoz göstəriciləridir ki, ABŞ-da həftəlik neft ehtiyatları gözlənildiyindən daha az artacaq. Bu da bazar iştirakçılarının əhvalına mәnfi təsir edir. Amma təbii ki, bu da Bakı vaxtı ilə axşama qədər real nəticələr bilinəcək. Onda bazar artıq özünü buna müvafiq olaraq aparacaq”.

 

/Deyerler.org/

Teqlər