İrana qarşı sanksiyalarının götürülməsi neft qiymətlərinə niyə ciddi təsir etmədi?
Artıq İran üzərindən sanksiyalar götürülüb və MAQATE – də bildirib ki, İran bütün öhdəliklərinə əməl edib.
İrana qarşı sanksiyalar götürülməsi İran neftinin yaxın gələcəkdə dünya bazarına çıxması deməkdir. Amma gözlənildiyinin əksinə olaraq bu xəbər neft bazarında ciddi qiymət azalmalarına səbəb olmayıb. Ekspertlər bunu bir neçə amillə əlaqələndirirlər.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, İranın üzərindən sanksiyaların götürlməsi sadəcə hüququ məsələlərdir: “Real olaraq İran neftinin bazara çıxarılması məsələsi baş verməlidir. Son raportdan sonra İran neftinin bazarlara çıxması üçün 3 həftə vaxt tələb olunur. Bu baxımdan noyabr ayının ikinci rübündən sonra İran nefti bazara çıxa bilər. Yalnız ondan sonra İran nefti birjalara aktiv təsirini göstərəcək.
Amma İran neftinin psixoloji təsirini də birjalarda hiss edilməməsinin ciddi səbəbi var. Belə ki, bir müddət öncə ABŞ-da işlək quyuların sayında ciddi azalma baş verdi.
Neft şirkəti ABŞ-da neft quyularının sayının azalması ilə bağlı bir açıqlama verdi. Bu məlumatdan sonra birjalarda neftin qiymətinin 1,5 dollarlıq artımı baş verdi. Gələn həftə ABŞ Enerji Adminstrasiyası ehtiyatlarla bağlı açıqlama verəcək. Enerji ehtiyatlarının azalması və ya artımı ilə bağlı yeni məlumatlar ortaya çıxarsa, neftin korreksiyası onda baş verəcək”.
/Dəyərlər.org/