Zərdüşt Əlizadə: “ABŞ nəyin hesabına olursa olsun Bəşər Əsədi devirməkdə israrlıdır”
Suriya münaqişəsinin daha bir neçə il uzanmayacağını heç kəs iddia edə bilməz.
Suriyada
gedən qarşıdurmanın sonu ilə bağlı durum nikbin deyil. Rusiyanın həyata
keçirdiyi aviazərbələr nəticəsində terrorçular ciddi itkilər versələr
də tam məhv edilməyib. Eyni zamanda bəzi ölkələrin terrorçulara yardım
etməsi onların dirəniş göstərməsinə səbəb olur. Belə ki, ABŞ prezidenti
Barak Obamanın veto qoyduğu qanun layihəsi konqres tərəfindən təsdiq
olunub. Konqresin təsdiq etdiyi Milli Müdafiə Səlahiyyət Qanunu 370
səslə qəbul olunub, qanun imzalanması üçün Ağ Evə göndərilib. 607
milyard dollarlıq qanun layihəsində Ukraynaya 300 milyon dollarlıq
yardım layihəsi yer alıb. Qanun layihəsində İŞİD-ə qarşı vuruşmaq üçün
İraq ordusuna 715 milyon, Suriya müxalifətinin təlim-tədris proqramı
üçün isə 406 milyon dollar yardımın ayırılması nəzərdə tutulur.
Politoloq Zərdüşt Əlizadə deyib ki, Suriya münaqişəsinin daha bir neçə il uzanmayacağını heç kəs iddia edə bilməz: “2011-ci ildən Suriya viran olunur. İlk olaraq Suriyada 3 il ərzində baş verən iğtişaşlar, vətəndaş müharibəsi, xarici qüvvələrin qarışması, mürtəce ərərb ölkələrinin səxavətli maliyyə dəstəyi və s. proseslərin daha 3 il də uzanmayacağını heç kəs deyə bilməz. Bu münaqişə artıq uzun müddətli bir münaqişəyə çevrilib. Yerli müxalifət qüvvələrinin o qədər də imkanları olmayıb. Onlar xaricdən təmin olunub. Xaricdən gələn qüvvələr isə kifayət qədər zəngin və dayanıqlı qüvvəsi olan dövlətlərdir. Həmin dövlətlər maraqlıdırlar ki, Bəşər Əsəd devrilsin və Suriyanı tam olaraq ələ keçirsinlər.
Bu baxımdan, həmin ölkələr öz məqsədlərinə çatmayınca münaqişələr davam edəcək. Hətta böyük ehtimal var ki, bu münaqişələr böyük dövlətlər arası müharibəyə də çevrilsin. Rusiya ilə ABŞ-ın duruma fərqli baxışları onların fərqli maraqlarından irəli gəlir. ABŞ çalışır ki, nəyin hesabına olursa olsun Bəşər Əsədi devirsin.
Hətta terrorçulara dəstək vermək yolu ilə olsa belə bunu həyata keçirtsin. Rusiya isə istəyir Bəşər Əsəd rejimini qoruyub saxlasın. Müxtəlif dövlətlərin beynəlxalq hüquq normalarına rəğmən, hər hansısa hadisəyə tamami ilə fərqli qiymət verməsi beynəlxalq siyasətdə adi bir haldır. Bu baxımdan Suriya beynəlxalq nümunələrin maraqlarının toqquşduğu klassik bir fenomendir. Bu baxımdan ABŞ bu münaqişələrə pul ayırmaqda davam edəcək”.
/Deyerler.org/