Avq 30, 2016 15:09 Asia/Baku
  • Bəxtiyar Hacıyev
    Bəxtiyar Hacıyev

Bəxtiyar Hacıyev: “İslahatlara gedilsə, peşə təhsili almışlara daha çox ehtiyac olacaq”

TQDK artıq qəbul imtahanlarını bitirib və tələbələr öz ixtisas seçimini də ediblər. Ekspertlərin fikirincə bu istiqamətdə ciddi boşluqlar var. Tələbələrin ixtisas seçimini istiqamətləndirmək və gələcəkdə ciddi ehtiyac yaranacaq ixtisaslara istiqamət vermək üçün müəyən addımlar atılmalıdır. Bu gün ölkədə ixtisas seçimi əsasən sahələrin gəlirliliyinə görə edilir.

 

Gənc siyasətçi Bəxtiyar Hacıyev mövzu ilə bağlı Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, məsul qurumlar yaxın gələcəkdə hansı sahələrdə kadrlara ehtiyac yaranacağı ilə bağlı ciddi araşdırmalar aparmalıdır: “Hər bir abituriyent ixtisas seçimi edərkən ilk növbədə gələcəkdə həmin ixtisasa olan tələbi nəzərə alır. Əgər 4-6 il sonra bu gün seçilən ixtisasa ehtiyac olmayacaqsa, həmin ixtisas boş qalsa belə, onu seçməyəcəklər. Digər tərəfdən müyyən ixtisaslar üzrə tələb yüksək olsa da həmin ixtisası təklif edən ali məktəblərdə təhsilin keyfiyyəti aşağı olduğu üçün yerlər boş qalır. Yəni, ixtisas çox tələb olunacaq bir ixtisasdır, amma həmin ixtisası təklif edən universitetin durumu yaxşı olmadığı üçün o istiqamətə üz tutan olmur. Bu gün ölkədə hansı sahələrə tələbin olduğunu kimlərinsə şəxsi mülahizələrinə əsasən müəyyən etmək olmaz. Düşünürəm ki, bununla bağlı Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, TQDK və digər qurumlar birgə çox ciddi və geniş araşdırma aparmalıdırlar. Onlar müəyyən etməlidilər ki, növbəti 5-10 il ərzində əmək bazarı hansı istiqamətə gedir. Məhz bunun da əsasında hər il qəbul planını tərtib etməlidirlər. Eyni zamanda bir ixtisasa tələbin çox olmasına baxmayaraq, tələbələr həmin ixtisası seçmirlərsə, bunun səbəbi də araşdırlmalıdır”.

 

Eyni zamanda peşə məktəblərinin durumunun da bərbad olması ilə bağlı fikir bildirən B.Hacıyev deyib ki, bu sahənin mütləq inkişaf etdirlməsi lazımdır. O qeyd edib ki, Azərbaycanda ən ciddi problem peşə təhsili ilə bağlıdır: “Bir çox inkişaf etmiş ölkələrdə hər kəsin ali məktəbdə təhsil alacağı ilə bağlı bir tendensiya müşahidə edilmir. Bir çox ölkələr müxtəlif peşələrdə ixtisaslaşırlar. Məhz həmin ixtisaslaşdığı sahədə az sayda işçi qüvvəsi ilə bir çox ölkənin ÜDM-indən daha çox ölkə iqtisadiyyatına töhvə verirlər. Misal kimi İsveçrənin saat istehsalını göstərmək olar. Bu ölkə sadəcə saat istehsalı ilə bir çox ölkənin ali təhsil görmüş şəxslərinin ölkə iqtisadiyyatına verdiyi töhvədən daha artıq töhvə verirlər. Azərbaycanda son 10-15 il ərzində peşə təhsili kifayət qədər böyük problemlərlə üzləşib. Əgər biz bir çox sahələrdə islahatlar etmək istəyiriksə, o zaman ali təhsildən daha çox, peşə təhsili almış kadrlara ehtiyac olacaq”.

Teqlər