Okt 03, 2016 19:25 Asia/Baku
  • Zərdüşt Əlizadə: “Ərdoğanın Bəşər Əsədə qarşı çıxması onun çox böyük bir səhvi idi”

Zərdüşt Əlizadə: “Ərdoğanın Bəşər Əsədə qarşı çıxması onun çox böyük bir səhvi idi”

Türkiyə Silahlı Qüvvələrinə İraqda və Suriyada hərbi əməliyyatlar aparmaq üçün verilən səlahiyyəti əlavə bir il müddətinə uzadan qanun layihəsi parlamentdə qəbul edilib. Qanun layihəsinin lehinə AKP, CHP və MHP, əleyhinə isə HDP-dən olan deputatlar səs verib. Türkiyə konstitisiyasının 92-ci maddəsinə əsasən, oktyabrın 2-dən etibarən bir il müddətinə Türkiyə Silahlı Qüvvələrinə sərhəddən kənarda əməliyyat keçirilməsinə icazə verilib.

 

Mövzu ilə bağlı politoloq Zərdüşt Əlizadə Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, Suriyaya daxil olan dövlətin qazanmaq haqqında düşünməyi yersizdir: “Suriya elə bir quyuya çevrilib ki, oraya nə qədər su tökülsə də orada suyun əmələ gələcəyinə ümid çox azdır. Bu Suriyada əməliyyat keçirdən ABŞ-a, Rusiyaya və s. aiddir. Suriyaya daxil olan dövlətin qazanmaq haqqında düşünməyi yersizdir. Bu gün Suriyaya daxil olanların hər biri itirəcək. İlk olaraq Suriya xalqına və dövlətinə çox ciddi ziyan vururlar. Digər tərəfdən də özləri heç bir şey qazanmırlar. Bu oyunda iştirak edən ölkələr çox yalnış oyuna qoşulublar.

 

Ərdoğanın Bəşər Əsədə qarşı çıxması onun çox böyük bir səhvi idi. Ərdoğan guya Suriyada demokratiya istəyirdi, Bəşər Əsədin getməsini istəyirdi. Bütün bunların nəticəsində Ərdoğan ölkəsində devrilmək təhlükəsi ilə üzbəüz qaldı. Digər tərəfdən Türkiyədə böhran dərinləşdi, kürdlərlə açılım pozuldu. İndi də bu prosesləri həyata keçirtməklə hansı nəticələr əldə edəcəyi məlum deyil. Eyni ilə Rusiyanın da, ABŞ-ın da ciddi itkiləri olacaq. Bütün bu hadisələrin mənəvi məsuliyyəti ABŞ-ın üzərindədir”.

 

Deyerler.Org

Teqlər