Azərbaycan Respublikasında bir sıra məhdudiyyətlər bu gündən yumşaldılıb
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah bildirib ki, Yeni növ koronavirus infeksiyası ilə bağlı Azərbaycandakı mövcud sanitar-epidemioloji vəziyyət, digər dövlətlərdə tətbiq olunan preventiv tədbirlər, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri təhlil edilərək xüsusi karantin rejiminin müddəti 31 may 2020-ci il saat 00:00-dək uzadılıb ancaq bununla yanaşı bir sıra məhdudiyyətlərin yumşaldılmasına qərar verilib
Xüsusi karantin rejiminin mayın 31-dək uzadılması ilə yanaşı, Operativ Qərargah əhali arasında virusa yoluxma sürəti, xəstələrin sağalma dinamikası nəzərə alınaraq, tətbiq edilən bir sıra məhdudiyyətlərin yumşaldılmasına dair qərar verib.
Məhdudiyyətlərin yumşaldılması mövcud sanitar-epidemioloji vəziyyət, xəstə sayı və yoluxma sürəti əsas götürülərək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri, Abşeron rayonu və digər regionlar üzrə mərhələ ilə həyata keçirilir.
Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonundan başqa, ölkənin digər ərazilərində rayonlar və şəhərlərarası gediş-gəliş 4 may saat 00.00-dan bərpa olunub.
Lakin bu qərar ictimai nəqliyyatla sərnişindaşıma xidmətinə aid deyil. Yəni, rayonlar və şəhərlərarası ictimai nəqliyyatla sərnişindaşıma mayın 31-dək qadağandır.
Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla, respublikanın digər rayon və şəhərlərində və Naxçıvan Muxtar Respublikasında 4 may 2020-ci il saat 00:00-dan etibarən yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olunub.
Qərara əsasən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla, digər bölgələrdə restoran, kafe və çay evlərində müştərilərə yerində xidmətlər bərpa olunur (ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə istisna olmaqla).
Operativ Qərargahın qərarına əsasən, xüsusi karantin rejimində respublika üzrə ictimai yerlərdə, bulvarlarda və parklarda, eyni zamanda ictimai iaşə obyektlərində bir yerdə insanların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağandır.
Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə 4 may 2020-ci il saat 00:00-dan etibarən dövlət qurumlarının işçilərinin fəaliyyəti müəyyən olunmuş sayda bərpa edilib
Yuxarıda qeyd olunan şəhərlər və Abşeron rayonundan başqa, respublikanın digər ərazilərində isə dövlət qurumlarının işçilərinin fəaliyyəti tam sayda bərpa olunub.
“DOST” mərkəzləri də xidmət göstərdikləri ərazilər üzrə ünvanlı dövlət sosial yardımı və sosial sahə üzrə bank kartlarının təqdim olunması istiqamətlərində fəaliyyətini bu gündən bərpa edib.
Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda məhdudiyyətlər aradan qaldırılan sahələrdə işləyən şəxslər barədə məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir.
Növbəti mərhələdə sanitar-epidemiloji vəziyyətdən asılı olaraq mövcud məhdudiyyətlərdən daha bir qisminin aradan qaldırılması ilə bağlı qərar veriləcək.