Yan 18, 2019 22:57 Asia/Baku
  • Fransada etirazlar iqtisadi problemlərə səbəb olub
    Fransada etirazlar iqtisadi problemlərə səbəb olub

Fransada hökumət əleyhinə etiraz aksiyalarının davam etməsi ilə ticarət mərkəzləri, otel və restoranlar turistlərin azalmasına görə ciddi böhranla üzləşiblər.

Ötən ilin noyabrında Fransada başlanan hökumət əleyhinə etiraz aksiyalarının artıq iki aydır ki, davam etməsi ölkəyə gələn turistlərin sayında azalmaya səbəb olub. Bu da otellər, restoranlar və ticarət mərkəzlərinin gəlirlərində ciddi azalmaya səbəb olub. Bu sektorda çalışanlar artıq yaranmış vəziyyətlə bağlı təhlükə siqnalı verməyə başlayıblar.

Fransada artıq iki aydır ki, davam edən etiraz aksiyaları artıq dükan və mağaza sahiblərinin də dilə gəlməsinə səbəb olub.

Dükan sahiblərindən biri deyir: “Bildiyiniz kimi, həftə sonu tətillərində satış və gəlirimiz çox olur. Amma, ötən 10 həftə ərzində satışlarımız 50-80 faiz azalıb. Artıq, mağazanı satmaqdan başqa çıxış yolumuz qalmayıb.”

Dükan və mağaza sahibləri əllərində üzərinə “satılır” yazılmış plakatlar ilə çaxnaşmalı vəziyyətə, satışların azalmasına və hökumətin mövcud vəziyyət üçün heç bir çıxış yoluna malik olmamasına etiraz ediblər.

Bir başqa mağaza sahibi isə deyir: “Əgər bu vəziyyət davam edərsə, mağazanı tətil etməyə məcbur olacağıq. Gəlirlərin 50% azaldığı bir şəraitdə borclarımızı necə ödəyə bilərik?”

Gərgin və çaxnaşmalı həftə sonlarında ticarət mərkəzlərinin bağlanması və gəlirlərin yarı-yarıya azalması bu sektorda çalışanların dözülməz və acınacaqlı duruma düşməsinə səbəb olub.

Dükan sahiblərindən biri deyir: “Bu günkü gəlirimiz 50 avro 60 sentdir. Halbuki, adi günlərdə orta hesabla 500-600 avro gəlirimiz olardı. Hazırda iflas edəcək vəziyyətdəyik. Bu isə acı da olsa bir həqiqətdir.”

Otellər, restoranlar və satış mərkəzlərində gəlirlərin azalması ciddi börhana səbəb olub. Fransadakı dünya şöhrətli butiklər də, turistlərin sayındakı azalmaya görə, satışların azalması böhranı ilə üzləşiblər.

Hətta, sezon sonu satış kampaniyaları da ticarət mərkəzlərinin dərdinə çarə ola bilməyib.

Ticarət sindikatları və birlikləri hazırkı durumda iflasın önünə keçmək üçün hökumətdən dərhal lazımi tədbirlər görməsini istəyiblər.

Teqlər