Fransa Senatı "sarı jilet"lilərin cəzalandırılmasına dair qanun layihəsini qəbul etdi
Fransa Senatı "sarı jilet"lilərin ağır şəkildə cəzalandırılmasını nəzərdə tutan qanun layihəsini təsdiq etdi.
Fransa Senatı çərşənbə günü "sarı jilet"lilər aksiyalarında iştirak edənlərin ən ağır formada cəzalandırılmasına icazə verən qanun layihəsinin ilkin mətnini ratifikasiya etdi.
Senatorlar bu qanun layihəsini 210 lehinə, 115 əleyhinə və 18 bitərəf səs ilə qəbul etdilər.
Fransanın Konstitusiya Məhkəməsi də qüvvəyə minməsindən öncə bu qanun layihəsini araşdıracaq.
Fransanın Milli Məclisi də 5 fevral tarixində 378 lehinə və 92 əleyhinə səslə bu layihəni təsdiq etmişdi. Bu qanun layihəsi etiraz aksiyasında iştirak edən üzü maskalı şəxslər üçün bir il həbs cəzası və 15 min avro cərimə nəzərdə tutur. Qanun layihəsində həmçinin, bu kimi etiraz aksiyalarının keçirilməsinin qadağan edilməsi nəzərdə tutulub.
Avropa Şurasının İnsan Haqları Komissarlığı bu qanun layihəsinin söz və sərbəst toplaşmaq azadlığına zidd olduğuna dair xəbərdarlıq edib.