Hikmət Hacıyev İranla münasibətlərdən danışdı
“Gərginliyi azaltmaq üçün dialoq davam edir”
Azərbaycan prezidentinin köməkçisi bildirib ki, Bakı və Tehran münasibətlərdəki gərginliyi azaltmaq üçün dialoqu davam etdirirlər.
Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Səudiyyə Ərəbistanının “Əş-Şarg əl-Avsat” qəzetinə müsahibəsində deyib: “Azərbaycan və İran qonşudur və bu yaxınlarda Azərbaycanın İrandakı səfirliyinə hücum və diplomatik nümayəndəliyin əməkdaşının qətlə yetirilməsi münasibətlərdə gərginliyə səbəb olub. Hazırda diplomatik kanallar cəlb olunub və İranın müvafiq rəsmiləri də Azərbaycanda səfərdədir. Bu gərginliyi azaltmaq üçün xarici işlər nazirləri səviyyəsində dialoq davam edir”.
Qeyd edək ki, əlaqələri normal məcraya qaytarmaq üçün İran İslam Respublikası və Azərbaycan Respublikasının XİN başçıları arasında təmaslar intensiv xarakter alıb və Azərbaycan səfirliyinin Tehranda öz fəaliyyətini bərpa etməsi üçün müvafiq razılıqlar əldə olunubdur.
İyulun 5-də isə İran İslam Respublikasının Xarici İşlər Naziri Hüseyn Əmir-Abdullahiyan Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin Bakıda keçirilən iclası çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb. Görüşdə iki ölkə arasında münasibətlərin inkişafı və regional hadisələrlə bağlı fikirlər səsləndirilib və müxtəlif mövzularda müzakirələr aparılıb.
Həmin görüşdə İlham Əliyev Prezident Əliyev ölkələrimiz arasında xüsusilə iqtisadi sektorlarda və nəqliyyat-tranzit sahəsində əlaqələrin vacibliyini vurğulamışdır.