İran Yəməndə bir xəstəxananın vurulmasını qınadı
Okt 28, 2015 06:17 Asia/Baku
-
İran Yəməndə bir xəstəxananın vurulmasını qınadı
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Ərəbistanın başçılıq etdiyi koalisiya qüvvələrinin YUNİSEF və Ümumdünya Səhiyyə Təşkilatına bağlı sərhədsiz həkimlər xəstəxanasının Yəmənin Sədə vilayətində hədəfə alınmasını kəskin formada qınayıb.
İRİB-nin məlumatına görə, Mərziyə Əfxəm deyib: Yəmənə təcavüz edən ölkələr bu ölkəni tam olaraq məhv etmək niyyətindədirlər və müxtəlif şəhərlərin hər gün fasiləsiz olaraq bombardman edilməsi Yəməndə son dərəcə ağır və acınacaqlı durum yaradıb.İran XİN sözçüsü əlavə edib: Ərəbistan və ərəb koalisiyasına daxil olan digər ölkələr Yəməni insan faciəsi astanasına sürükləyiblər və yerdə qalan az saylı səhiyyə imkanlarını da bu xalqın əlindən almaq istəyirlər.
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü BMT baş katibinin bu hücumu tənqid edən bəyanatına və ilk dəfə olaraq, Yəmənə qarşı hücumlara başçılıq edən ölkənin adını çəkməsinə işarə edərək, deyib: Təəssüflər olsun ki, BMT-nin Təhlükəsizlik Şurası və beynəlxalq ictmaiyyət hələ də öz sükutu ilə Yəməndə baş verən müharibə cinayətlərini sadəcə seyr etməklə məşğuldurlar və Yəməndə müdafiəsiz insanlara qarşı dəhşətli cinayətlərin törədilməsi yollarını açıq qoyublar. İndi artıq iş o yerə gəlib çatıb ki, artıq beynəlxalq humanitar təşkilatların himayəsi altında olan xəstəxananı belə vurmaqdan çəkinmirlər. Və şübhəsiz təcavüzkarları öz hərəkətləri qarşısında məsuliyyət daşımağa vadar etmək istiqamətində yol verilən səhlənkarlıq, terrorizm və gərginliyin regionda genişlənməsinə səbəb olacaq.
Ərəbistan qırıcıları bazar ertəsi günü Yəmənin Sədə vilayətində sərhədsiz həkimlər təşkilatına məxsus bir xəstəxananı bombalayıb.
Teqlər