Mediaların gözü Tehranda - AKTUAL
Vida mərasimi dünyanın bir nömrəli beynəlxalq xəbərinə çevrildi
İranda keçirilən vida mərasimi beynəlxalq medianın diqqət mərkəzindədir. Dünyanın aparıcı informasiya agentlikləri və televiziya kanalları Tehrandakı izdihamı, cənazə namazını və milyonlarla insanın iştirak etdiyi mərasimləri əsas xəbərlər sırasında təqdim edirlər.
ABŞ-ın CNN telekanalı mərasimdən birbaşa reportaj hazırlayaraq yüz minlərlə insanın səhər tezdən İmam Xomeyni Müsəllasına toplaşdığını bildirib. Röyters agentliyi Tehrandakı vida mərasimini günün əsas beynəlxalq xəbərlərindən biri kimi təqdim edib və kütləvi izdihamı geniş işıqlandırıb. Associated Press (AP) mərasimdə İranın ali dövlət rəsmilərinin, din xadimlərinin və şəhid liderin ailə üzvlərinin iştirakını xüsusi vurğulayıb. Britaniyanın The Guardian qəzeti vida mərasimini İranda son illərdə keçirilən ən böyük tədbirlərdən biri kimi dəyərləndirib və mərasimin bir neçə şəhəri əhatə etdiyini yazıb. Bundan başqa, Əl-Cəzirə də mərasimlərin Tehran, Qum, Nəcəf, Kərbəla və Məşhədi əhatə edən marşrutunu xəritə ilə təqdim edib. Beynəlxalq media mərasimin həm dini, həm də siyasi əhəmiyyət daşıdığını vurğulayır, Tehrandakı izdihamı isə regionun son illərdəki ən diqqətçəkən hadisələrindən biri kimi qiymətləndirir.