Dek 13, 2015 10:35 Asia/Baku
  • İran vitse-prezidentinin Türkiyə prezidenti ilə görüşü
    İran vitse-prezidentinin Türkiyə prezidenti ilə görüşü

İran İslam Respublikasının vitse-prezidenti və Türkiyə prezidenti ikitərəfli əlaqələr və regionda cərəyan edən son hadisələr barədə danışıqlar aparıblar.

İRİB-nin məlumatına görə, İranın vitse-prezidenti İshaq Cahangiri şənbə günü Türkmənistanın paytaxtı Aşqabadı tərk etməzdən öncə Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan ilə görüşüb.

İ.Cahangiri bu görüşdə deyib: İranın xarici siyasəti bütün ölkələr, xüsusilə də qonşu ölkələr ilə əlaqələrin qarşılıqlı hörmət və yaxşı qonşuluq münasibətləri əsasında genişləndirilməsi üzərində qurulub.

İranın vitse-prezidenti daha sonra İran və Türkiyə arasında regional böhranların həlli ilə bağlı aparılan tarixi müzakirələrə işarə edərək, deyib: Suriya məsələsi ilə bağlı fikir ayrılıqlarının olmasına rəğmən, iki ölkə ifratçılıq və terrorizm ilə mübarizə səhnəsində bir-biri ilə əməkdaşlıq etməlidirlər.

İshaq Cahangiri daha sonra deyib: Qarşılıqlı formada olan konstruktiv anlaşma və ölkələrin hakimiyyət hüququ və ərazi bütövlüyünə hörməthabelə, ixtilaflara şərait yaradan halların aradan qaldırılması regionda sülh və sabitliyin davamlı olmasına kömək edə bilər.

İ.Cahangiri daha sonra Türkiyə və Rusiya münasibətlərində yaranan gərginliyə işarə edərək, deyib: İran bu gərginliyi heç bir vəchlə regionun xeyrinə hesab etmir və bu böhranın həllinə yardım etməyə hazırdır.

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan da bu görüşdə regionda cərəyan edən hadisələrə işarə edərək, deyib: Ankara regionda gərginliyin artmasını müsbət qarşılamır və anlaşılmazlıqların aradan qaldırılması üçün dialoqa üstünlük verir.

Ərdoğan əlavə edib: İki ölkəni məzhəblərarası ixtilaflara sürükləmk istiqamətində bəzi fitnələr mövcuddur. Buna görə də, hər iki tərəf mövcud məsələləri həll və qardaşlıqlarını sübut etməlidirlər.

Türkiyə prezidenti həmçinin, ortaqlıqlara işarə edərək, iki ölkə arasında əməkdaşlıqların genişləndirilməsinə təkid edib.

Ərdoğan daha sonra İran medialarında onun və ailəsi barəsində yer alan xoşagəlməz xəbərlər barədə narahatlığını ifadə edərək, bu medialara nəzarətin edilməsini istəyib.

İranın vitse-prezidenti İshaq Cahangiri şənbə günü Türkmənistanın bitərəf ölkə olduğunu elan etməsinin 20 illiyi mərasimində iştirak məqsədi ilə bu ölkəyə səfər etmişdi.

Teqlər