Müştərək Nüvə Anlaşması Komissiyasının 7-ci iclası bu gün Vyanada işə başlayıb
İran və 5+1 qrupuna üzv ölkələrin xarici işlər nazirləri müavinləri və Avropa Birliyinin xüsusi nümayəndəsinin iştirakı ilə Müştərək Nüvə Anlaşması Komissiyasının 7-ci iclası bu gün Vyanada işə başlayıb
Nüvə anlaşması müştərək komissiyasının 7-ci iclası bu gün Vyanada, Kuborq otelində, İran və 5+1 qrupuna üzv ölkələrin xarici işlər nazirləri müavinləri və baş idarə rəhbərlərinin iştirakı ilə, işə başlayıb. İran İslam Respublikası xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini və nüvə anlaşmasının icra prosesinə nəzarət heyətinin sədri cənab İraqçının dediyinə görə, ABŞ dövlətinin nüvə anlaşması qarşısında öz öhdəliklərindən boyun qaçırtması, nüvə anlaşmasının icrası prosesində pozuculuq törətməsi və Britaniya dövlətinin İrana 950 ton sarı keykin göndərilməsi ilə müxalifət etməsi bu iclasın gündəmində duran əsas məsələlərdir.
İran və 5+1 qrupuna üzv ölkələr arasındakı müştərək nüvə anlaşması komissiyasının 7-ci iclası Avropa Birliyinin xüsusi nümayəndəsinin iştirakı ilə Vyanada, Kuborq otelində işə başlayıb. Bu iclas, Amerikada Donald Trampın prezident seçilməsindən sonrakı dövrdə keçirilən ilk iclas sayılır. İranın müzakirə heyətinin sədri Abbas İraqçı ABŞ-ın nüvə anlaşması qarşısında öz öhdəliklərinə əməl etməməsi, pozuculuq törətməsi və anlaşmaya qarşı çıxması ilə bağlı bütün məsələləri bu iclasda qaldıracağını bildirib: “Müşahidə etdiyimiz hərəkətlər, bizim qənaətimizə görə, nüvə anlaşmasına ziddir. ABŞ prezidenti və digər dövlət rəsmiləri tərəfindən nüvə anlaşmasının yenidən nəzərdən keçirilməsi ilə bağlı fikirlərin səsləndirilməsi, etimadsızlıq atmosferinin yaradılması və dünyanın çazqınlıq ilə üzləşdirilməsi nüvə anlaşmasının həm mətni, həm də ruhu ilə ziddiyyət təşkil edir.”
Həmçinin, İranın Qazaxıstandan 3 il ərzində 950 ton sarı keyk alması üzrə istəyinin 5+1 qrupunun üzvlərindən olan Britaniyanın müxalifəti ilə üzləşməsi Vyana iclasında araşdırılacaq digər məsələlərdən elan edilib.
İran xarici işlər nazirinin müavini Abbas İraqçı deyir: “Müzakirələr hələ yekunlaşmayıb və danışıqlar davam edir. Barəsində hələ də müzakirələr aparılır. İranın hazırda bu miqdarda sarı keykə ehtiyaclı olub-olmaması barədə bəzi suallar var. Amma, biz gələcəkdə yaranacaq ehtiyaclarımızı təmin etmək üçün, indidən lazımi miqdarda sarı keykin təmin edilməsinə çalışırıq. Bu xüsusda danışıqlar davam edir. Bəzi ölkələr buna qarşı çıxırlar, bəziləri isə bu fikirlə razıdırlar.”
Müştərək nüvə anlaşması komissiyası bundan öncəki iclaslarında da ABŞ-ın nüvə anlaşması qarşısında öz öhdəliklərinə əməl etməməsi o cümlədən İrana qarşı sanksiyaları ləğv etməməsi, bank və maliyyə sistemlərinə tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılmaması və İranla ticarət yolunda duran maneələrin öz həllini tapmaması kimi məsələlər araşdırılıb.