Səudiyyəlilər İrana qarşı hərhansı hərəkətdən peşman olacaqlar
-
Səudiyyəlilər İrana qarşı hərhansı hərəkətdən peşman olacaqlar
İran İslam Respublikası hökumətinin sözçüsü Səudiyyə Ərəbistanının müdafiə nazirinin anti-İran bəyanatına münasibət bildirərkən deyib: Səudiyyə dövləti bu bəyanatın həyata keçirilməsi üçün bir addım atarsa İran onları dediklərindən peşman edəcək təşəbbüslər həyata keçirəcək.
Səudiyyə Ərəbistanının müdafiə naziri Məhəmməd Bin Salman mayın 2-də demişdi ki, İran regionda özünə məxsus siyasət yeridir və belə bir şəraitdə Səudiyyə Ərəbitanı İranla anlaşa bilməz. O həmçinin demişdi ki, Səudiyyə Ərəbistanı sərhədlərindəki savaşı İranın daxilinə çəkəcək.
İİR hökumətinin sözçüsü Məhəmməd Baqir Nobəxt bu gün Tehranda müxbirlərə verdiyi müsahibədə Səudiyyə dövlətinin regiondakı çaxnaşma yaradan hərəkətlərinə işarə edərək deyib: Səudiyyə Ərəbistanı İraq, Suriya və Yəməndə mənfi və təxribatçı rol oynayaraq əllərini müsəlmanların və uşaqların qanına bulaşdırıb.
Nobəxt deyib: Səudiyyəlilər regiondakı məğlubiyyətlərini ödəmək üçün bəzi sözlər dilə gətirirlər. Bu hallarda İranın qətiyyətli mövqeyi Xarici İşlər və Müdafiə Nazirliyi tərəfindən açıqlanır.
İranın müdafiə naziri General Mayor Hüseyn Dehqan da Səudiyyə Ərəbistanının müdafiə nazirinin İrana qarşı bəyanatına münasibət bildirərək deyib: Səudiyyə Ərəbistanı İrana qarşı hansısa axmaqlıq edərsə Məkkə və Mədinə istisna olmaqla bu ölkənin digər bölgələri təhlükəsiz olmayacaq.