İmam Xomeyni(r.ə)-in məqbərəsində törədilən terror aktı ilə əlaqədar 6 şübhəli saxlanıldı
Tehranın hüquq-mühafizə qüvvələri komandanı çərşənbə günü axşam, İmam Xomeyni(r.ə)-in məqbərəsinə edilən hücumla əlaqədar biri qadın olmaqla 6 şübhəli şəxsin saxlanılmasından xəbər verib.
İRİB-nin verdiyi məlumata görə, general Hüseyn Sacidiniya çərşənbə günü axşam deyib: İran xalqı təhlükəsizliyin tam təmin edildiyinə əmin olmalı və bilməlidir ki, nigaranlığa heç bir əsas yoxdur.
Çərşənbə günü səhər 4 silahlı terrorçu qadın paltarında İran Parlamentinin inzibati binasına daxil olmağa səy göstərib. Mühafizəçilərin önləyici tədbirləri ilə üzləşən terrorçulardan biri üzərindəki partlayıcı qurğunu işə salıb. Digər 3 terrorçu isə Parlament binasının yuxarı mərtəbələrinə nüfuz etməyə cəhd göstərsə də, təhlükəsizlik qüvvələri tərəfindən vurularaq, zərərsizləşdirilib.
Daha iki terrorçu da Tehranın cənubunda İmam Xomeyni(r.ə)-in məqbərəsinə daxil olduqdan sonra ətrafa atəş açmağa başlayıb. Daha sonra terrorçulardan biri üzərindəki partlayıcı qurğunu işə salıb. Digər terrorçu isə təhlükəsizlik qüvvələri ilə silahlı toqquşmada vurularaq, zərərsizləşdirilib.
İŞİD terror qruplaşmasının məsuliyyətini üzərinə götürdüyü bu terror aktlarında 13 nəfər şəhid olub, 42 nəfər yaralanıb.