İran və Türkiyə birgə işçi qrupu yaradır
İran və Türkiyənin rabitə və informasiya texnologiyaları nazirləri iki ölkə arasında rabitə və informasiya texnologiyaları üzrə birgə işçi qrupunun təşkil edilməsi üzrə razılıq əldə ediblər.
İRNA-nın məlumatına görə, Məhəmməd Cavad Azəri Cəhromi və Əhməd Aslan Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının rabitə və informasiya texnologiyaları nazirlərinin 2-ci iclasının kənarında görüşərək danışıqlar aparıblar.
Görüşdə İran və Türkiyə arasında ötən il kiber təhlükəsizlik sahəsində əməkdaşlıq memorandumunun imzalandığına toxunan Azəri Cəhromi əlavə edib: Bu sahədə əməkdaşlıq iki ölkənin xeyrinədir və İran bu anlaşmanın icra olunmasını müsbət qarşılayır.
İranlı nazir İslam Respublikasının regionda rabitə və informasiya texnologiyaları sahəsindəki rolu haqda da deyib: İraqın internetinin 70% İrandan təmin olunur və Tehran bu sahədə Türkiyə operatorları ilə əməkdaşlıq edir.
İranın rabitə və informasiya texnologiyalar naziri ötən gün İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin rabitə və informasiya texnologiyaları nazirlərinin 2-ci iclasında iştirak etmək məqsədilə Azərbaycan Respublikası paytaxtı Bakıya səfər edib.