May 10, 2018 19:47 Asia/Baku
  • Ruhani Ərdoğan ilə telefon söhbətində: ABŞ-ın birtərəfli hərəkətləri qarşısında dayanmaq lazımdır

İran İslam Respublikası prezidenti ABŞ-ın birtərəflilikləri qarşısında müqavimət göstərməyi bir zərurət adlandırıb və deyib: Amerikalılar bilməlidirlər ki, beynəlxalq anlaşmalar və müqavilələrdən heç bir zərər görmədən ayrılmaq olmaz.

İran İslam Respublikası prezidenti Həsən Ruhani nüvə anlaşmasının BMT-nin Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilmiş bir anlaşma olduğunu xatırladıb və deyib: Təəssüflər olsun ki, Amerika öz sədaqətsizliyinin davamında bu beynəlxalq anlaşmadan birtərəfli qaydada çıxıb. Biz bütün dünya ölkələri başçılarından bu addıma qarşı çıxmalarını gözləyirik.

Həsən Ruhani əlavə edib: İran və Türkiyə arasında bank əlaqələrinin genişləndirilməsi, ticarət əlaqələrinin möhkəmləndirilməsi və ticarət mübadilələrində milli pul vahidindən istifadə edilməsi son dərəcə önəmli məsələlərdəndir və iki ölkənin ticarətdə xarici valyutadan asılılığına son qoya bilər.

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan da bu telefon söhbətində Donald Trampın İran ilə nüvə anlaşmasından çıxmaq üzrə yanlış qərarının ən böyük uduzan tərəfinin elə Amerikanın özü olacağını deyərək, İran  İslam Respublikasının bu məsələ qarşısındakı mövqeyini konstruktiv və  müdrik mövqe adlandırıb və deyib: Nüvə anlaşmasının qorunması və davam etməsi üçün danışıqların aparılması region və dünyanın təhlükəsizliyi üçün son dərəcə önəmli və faydalıdır.

Ərdoğan daha sonra ticarət əlaqələrində milli pul vahidindən istifadə edilməsini, bank əlaqələrinin genişləndirilməsini və iqtisadi əlaqələrin möhkəmləndirilməsini ABŞ-ın nüvə anlaşmasından çıxmasından sonrakı dövr üçün önəmli məsələlər adlandırıb və deyib: İki ölkənin iqtisadi əlaqələrini kənar müdaxilələr qarşısında möhkəm iradə ilə qorumaq lazımdır.

Teqlər