İran generalının Azərbaycanla bağlı açıqlaması özünü doğruldacaqmı?
Azərbaycanlı ekspert general Baqirini təqdir etdi
-
general-leytenant Məhəmmədhüseyn Baqiri
Sputnik Xəbər Agentliyi İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmmədhüseyn Baqirinin AZƏRTAC-a müsahibəsində dedikləri barədə ekspertlərin fikrini öyrənib.
SəhərAzəri-nin məlumatına əsasən, Sputnik yazır ki, son dövrlər Azərbaycan-İran münasibətlərində müşahidə olunan yaxınlaşmanı intensiv səfərlər və iki ölkə rəsmiləri tərəfindən verilən açıqlamalardan da görmək olur.
İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmmədhüseyn Baqiri deyib ki, onun ölkəsi hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və suverenliyinə hörmətlə yanaşıb: "Azərbaycanın ərazilərini işğaldan azad etməsi İranı sevindirir. Biz öz ölkəmizin ərazi bütövlüyü kimi, Azərbaycanın da ərazi bütövlüyünə həssaslıqla yanaşırıq".
Mövzu ilə bağlı politoloqlar Əhməd Əlili və İlyas Hüseynov fikirlərini bölüşüblər.
Politoloq Əhməd Əlili qeyd edib ki, Azərbaycan müdafiəsini gücləndirmək üçün müxtəlif əməkdaşlıqlar içərisindədir. Azərbaycanın Rusiyadan, Türkiyədən, İsraildən, Pakistandan və digər ölkələrdən hərbi təyinatlı məhsulların alınması ilə bağlı əməkdaşlığı mövcuddur. Azərbaycan təkcə bir ölkənin dəstəyi ilə öz müdafiə və təhlükəsizliyini limitləndirmək niyyətində deyil.
Politoloq İlyas Hüseynov isə hesab edir ki, İran BQ rəisinin son açıqlamaları iki ölkə arasındakı mehriban qonşuluq siyasətindən irəli gəlir: "Azərbaycan İranı tarixi bağları olan və mehriban qonşuluq siyasəti çərçivəsində əməkdaşlıq münasibəti formalaşmış bir ölkə kimi nəzərdən keçirir".
İlyas Hüseynovun fikrincə, görünən odur ki, İran regionda əməkdaşlıq münasibətlərinin genişləndirilməsində maraqlıdır: "Belə bir zamanda İran BQ rəisinin Azərbaycana hərbi-diplomatik müstəvidə dəstək xarakterli çıxışı təqdir olunur".
Belə bir bəyanat gələcəkdə əlaqələrin daha da sıxlaşdırılmasına xidmət edir deyən politoloq əlavə edib ki, bundan sonra münasibətlərin əhatə dairəsi daha da genişlənəcək.