Azərbaycanın mədəniyyət naziri Tehranda görüşlərini davam etdirir
Anar Kərimov: Azərbaycan və İran arasındakı əlaqələr yüksək səviyyədədir
Azərbaycanın mədəniyyət naziri Anar Kərimov İranın İslami İrşad və mədəniyyət naziri Mehdi İsmaili ilə görüşüb.
SəhərAzəri-nin məlumatına əsasən, görüşdə A.Kərimov İran və Azərbaycan arasındakı əlaqələrdə yeni səhifə açılacağına inandığını bildirib.
Onun sözlərinə görə, Azərbaycan və İran arasındakı əlaqələr yüksək səviyyədədir və daha da inkişaf edə bilər: “İrana səfərdə məqsəd iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin inkişafı ilə yanaşı mədəniyyət əlaqələrinin də inkişaf etdirilməsidir. İki ölkə arasında əlaqələrin inkişafı üçün geniş potensial mövcuddur. Kitab sərgisinin təşkili, ədəbiyyat sahəsində əməkdaşlıq buna nümunədir.”
Azərbaycanlı nazir İranın Azərbaycanın işğaldan azad olmuş ərazilərində xüsusilə Şuşada fəaliyyət göstərməkdə maraqlı olmasını alqışlayıb.
Görüşdə ranın İslami İrşad və mədəniyyət naziri Məhəmməd Mehdi İsmaili də iki ölkə arasında olan əlaqələri dostluq və qardaşlıq əlaqələri adlandırıb.
“İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasındakı əlaqə təkcə qonşuluq əlaqəsi deyil, həm də biz bir-birimizlə qohumuq. Əlaqələrimizin inkişafına mane olan bütün maneələri kənarlaşdıracağıq. Tarixi və mədəni birgə ortaqlarımız, eləcə də ortaq olan məşhurlarımız var ki, bunlar iki ölkəni bir-birinə bağlayır”, deyə nazir qeyd edib.
Cənab İsmaili həmçinin iki ölkə arasında yaxın gələcəkdə anlaşma memorandumunun imzalanacağını və bunun əlaqələrin inkişafına təkan verəcəyini söyləyib.