İyul 17, 2022 12:01 Asia/Baku
  • Nasir Kənani
    Nasir Kənani

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Amerika prezidentinin Qərbi Asiya regionuna səfəri zamanı İran İslam Respublikasına qarşı yayılan bəzi iddia və ittihamları, o sıradan onun Ciddə konfransındakı ifadələrini rəddedilən və əsassız adlandırıb. Bildirib ki, bu boş iddialar Vaşinqtonun regiondakı fitnəkar və gərginlikyaradan siyasəti istiqamətindədir.

SəhərAzəri-nin məlumatına əsasən, Amerikanın atom bombasından istifadə edən ilk ölkə olmasına işarə edən Nasir Kənani Vaşinqtonun region ölkələrinin daxili işlərinə davamlı şəkildə müdaxilə etmək, hərbi işğal və təcavüzlər həyata keçirmək, iri həcmdə silah satmaq və regionda militarizmə rəvac vermək kimi keçmişinə diqqət çəkib və belə əlavə edib: Amerika bir daha uğursuz qalmış İranofobiya siyasətinə əl atmaqla regionda gərginlik və böhran yaratmaq niyyətinə düşübdür.

O, həmçinin Amerika hökumətinin qəsbkar sionist rejimə onilliklər boyu kor-koranə və sonsuz dəstəklər verməsinə işarə və əlavə edib: Şübhəsiz, Amerika hökuməti sionist rejim tərəfindən Fələstinin və Qüdsi-Şərifin işğalının davam etdirilməsi, fələstinlilərə qarşı gündəlik cinayətlərin törədilməsi, Fələstinin məzlum və müqavimətli xalqına qarşı insan hüquqlarının sistematik şəkildə pozulması və bu rejimin aparteidində onun əsas ortağıdır.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İran İslam Respublikasının beynəlxalq qanun-qaydalar çərçivəsində dincməqsədli nüvə texnologiyasından istifadəyə və sanksiyaların aradan qaldırılması üzrə danışıqların davam etdirilməsinə sədaqətə dair strateji siyasətinə təkidlə əlavə edib: Amerikanın İran İslam Respublikasının dincməqsədli nüvə proqramı haqdakı yalan ittihamları və bu ölkənin/ bölgədə ən iri nüvə silahları cəbbəxanası olan və nüvə silahlarının yayılmaması müqaviləsinin üzvü olmayan sionist rejimin onilliklər boyu aldatmalarına göz yumması, Amerika hökumətinin ikiüzlülüyü və təfriqə salmasının nişanələridir.

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi sonda İran İslam Respublikasının qonşularla dialoqu və regiondaxili təşəbbüsləri rəğbətlə qarşılamağa dair prinsipial və konstruktiv siyasətinə təkidlə əlavə edib: Region ölkələri hökumətlərinin İran İslam Respublikasının dialoqa və regional əməkdaşlığa dair dəvət və təşəbbüslərinə cavab olaraq, kollektiv təhlükəsizlik, sülh, sabitlik və birgə inkişaf yolunda konstruktiv addımlar atacaqları gözlənilir.

 

Teqlər