İranın danışıqlar komandasının ekspert qrupu Mora ilə görüşüb
İranın Vyana danışıqlarındakı baş müzakirəçisi Əli Baqiri Kəni ekspert heyətinin müşayiəti ilə nüvə anlaşmasının koordinatoru Enrike Mora ilə görüşüb.
SəhərAzəri- məlumatına əsasən, İran nümayəndə heyəti xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Əli Baqiri Kəninin başçılığı ilə 3 aylıq fasilədən sonra sanksiyaların ləğvi ilə bağlı danışıqları davam etdirmək üçün cümə axşamı Avstriyanın paytaxtı Vyanaya gəlib.
Cümə günü danışıqların birinci raundundan sonra İran nümayəndə heyəti şənbə günü ekspertlər səviyyəsində danışıqları davam etdirib.
İran nümayəndə heyətində Atom Enerjisi Agentliyinin sözçüsü Behruz Kamalvəndi də iştirak edib.
Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin müavini və nüvə anlaşmasının bərpası üzrə danışıqların koordinatoru Enrike Mora jurnalistlərin danışıqlar prosesi haqdakı suallarına cavabda nüvə anlaşmasının canlandırılması danışıqlarına nikbin baxdığını söyləyib.
İran İslam Respublikasına qarşı zalımcasına və qanunsuz sanksiyaların aradan qaldırılmasına yönəlmiş müzakirələr İranın müzakirə komandasının təşəbbüsləri sayəsində müəyyən irəliləyiş əldə etmişdi, amma Co Bayden administrasiyasının keçmiş Amerika hökumətinin qanunsuz hərəkətlərini kompensasiya etmək üçün gecikdirməsi və maksimum təzyiq kampaniyasını davam etdirməsi, bu ölkənin nüvə anlaşmasına qayıtmaqda ciddiliyinə şübhələr yaradıb və danışıqlar prosesinin uzanmasına səbəb olub.
İran İslam Respublikası məsuliyyətli ölkə kimi dəfələrlə bəyan edib ki, ABŞ-ın nüvə anlaşmasını pozan tərəf olduğunu nəzərə alsaq, sanksiyaları ləğv etməklə sazişə qayıtmalı olan Vaşinqtondur və Amerikanın öz öhdəliklərini yerinə yetirdiyini yoxlamaq lazımdır.