İranın cənub-şərqində bir tona yaxın narkotik aşkarlanıb
İranın Sistan və Bəlucistan vilayətinin nizam-intizam qüvvələrinin komandiri ölkənin bu cənub-şərq vilayətində bir tona yaxın narkotik maddə aşkar edildiyini açıqlayıb.
SəhərAzəri-nin məlumatına əsasən, briqada generalı Əhməd Taheri bildirib ki, narkotiklərlə mübarizə polisinin əməkdaşları narkotik ticarəti ilə məşğul olan silahlı və mütəşəkkil dəstənin üzvlərini həbs ediblər. Hansı ki, iki böyük partiyanı İranşəhr, Səravan, Zahidan və Zabol şəhərlərindən keçirdikdən sonra ölkənin mərkəzinə daşımaq niyyətində olublar.
Sərdar Taheri əlavə edib ki, bununla bağlı polis əməkdaşları bir neçə əməliyyat qrupu şəklində əraziyə nəzarət edərək və bir sıra xüsusi tədbirlər həyata keçirərək, 6 avtomobillə narkotik yükünü daşıyan bu qaçaqmalçı dəstənin üzvlərini müəyyən edib və onlara dayan əmri veriblər.
İranın Sistan və Bəlucistan vilayətinin nizam-intizam qüvvələrinin komandiri bildirib ki, mühasirəyə alındıqlarını görən bu silahlı dəstənin üzvləri polis əməkdaşlarına atəş açaraq, ərazidən uzaqlaşmağa çalışıblar, lakin polisin güclü atəşi nəticəsində avtomobillərini tərk edərək, bölgənin yüksəkliklərinə doğru qaçıblar.
General Taheri qeyd edib ki, bu əməliyyatda 6 qaçaqmalçının tutulması ilə yanaşı, onlardan ələ keçirilən avtomobillərə baxış zamanı 993 kiloqram narkotik maddə aşkar edilib.
İran İslam Respublikası dünyada narkotik maddələrin qaçaqmalçılığı ilə mübarizədə 12 mindən çox qazi və şəhid təqdim edib.
Birləşmiş Millətlər Təşkilatı İranı narkotiklərlə mübarizənin bayraqdarı adlandırıb.