Okt 23, 2022 09:29 Asia/Baku
  • Əmir-Abdullahiyan: Cənubi Qafqazın təhlükəsizliyi İran üçün əsas məsələdir

İran İslam Respublikasının xarici işlər naziri Ermənistan səfərinin məhsuldar olduğunu vurğulayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Hüseyn Əmir-Abdullahiyan öz Tvitter səhifəsində yazıb: “Ermənistanda mənim baş nazir Nikol Paşinyanla Cənubi Qafqazın təhlükəsizliyi, Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası və xarici qüvvələrin müdaxilə etməməsi məsələləri ilə bağlı mühüm görüşüm oldu”.

İran XİN başçısı əlavə edib: “Biz Şimal-Cənub tranzit yoluna, iki ölkə arasında ticarət və turizmin inkişafına böyük əhəmiyyət veririk. Məhz bu məqsədlə İranın Qafanda Baş Konsulluğu açılıb”.

Qeyd edək ki, diplomat iki günlük Ermənistan səfərinin son günündə parlament sədri Alen Simonyan və baş nazir Nikol Paşinyanla görüşüb.

Digər bir məlumata əsasən, İran XİN rəhbəri Əmir-Abdullahiyan Ermənistanın ölkəsindən silah almaq istədiyinə dair yayılan xəbərlərə münasibət bildirib.

APA Xəbər Agentliyinin məlumatına əsasən, iranlı nazir İrəvanda ona bu barədə ünvanlanan suala cavab olaraq deyib ki, İranın bəzi ölkələrlə, o cümlədən də qonşu ölkələrlə müdafiə sahəsində əməkdaşlığı mövcuddur.

O daha sonra Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması məsələsində də toxunub. Nazir, Azərbaycanla Ermənistan arasındakı məsələnin siyasi və dialoq yolu ilə həllinin vacibliyini vurğulayıb.

Teqlər