Britaniyanın Tehrandakı müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb
Britaniya hakimiyyətinin İrana qarşı əsassız ittihamlarının davam etməsinə etiraz olaraq, Britaniyanın müvəqqəti işlər vəkili İran Xarici İşlər Nazirliyinə çağırılıb.
SəhərAzəri-nin məlumatına əsasən, Çərşənbə axşamı günü keçirilən bu görüşdə İran Xarici İşlər Nazirliyinin Qərbi Avropa üzrə Üçüncü Departamentinin rəhbəri əsassız ittihamların səsləndirilməsini iranofobiya siyasətinin davamı adlandırıb və Britaniya hökumətini bu qeyri-dost yanaşmaya son qoymağa çağırıb.
O, İngiltərənin yeni sanksiyalarını siyasiləşdirən bir hərəkət kimi qiymətləndirərək, bildirib ki, mühacirlər və müsəlmanlara qarşı ən ifrat ayrı-seçkilik və vəhşiliklərə yol verən, qaçqınları zorla Ruandaya köçürən bir ölkə insan haqlarından danışacaq durumda deyil.
"Son dörd onillikdə İran İslam Respublikası xarici təzyiqlərə boyun əyməyəcəyini nümayiş etdirib və buna uyğun olaraq, tezliklə Britaniya rejiminin sanksiyalarına qarşılıqlı cavabını açıqlayacaq", - deyə İran rəsmisi qeyd edib.
Britaniyalı diplomat xanım İzabell Marş İranın etirazını İngiltərədəki hakimiyyət orqanlarına çatdıracağını bildirib.
İran Xarici İşlər Nazirliyinin verdiyi son açıqlamada Britaniya və Avropa İttifaqı ölkələrində 13 qurum və 23 yüksək vəzifəli şəxsin sanksiyaya məruz qaldığı bildirilib.