İranın dünya üçün əhəmiyyəti artır
Zəngin litium ehtiyatları kəşf olunub
İran dünyanın ən böyük litium ehtiyatlarından birini kəşf etdiyini açıqlayıb.
İran hökumətinin bəyanatına görə, 8,5 milyon ton litium olan ehtiyat aşkarlanıb. Litium mədənləri ilə zəngin ölkələr siyahısında 4-cü yeri tutacaq İran bu kəşflə Cənubi Amerika xaricində ən çox litium olan ölkə olacaqdır.
İranın Sənaye, Mədən və Ticarət Nazirliyinin məlumatına görə, böyük gil yataqlarına malik Həmədan bölgəsində daha çox litium filizi ehtiyatlarının aşkar ediləcəyi ehtimal edilir. Litium yeni nəsil akkumulyatorların istehsalında əsas məhsullardan biri kimi istifadə olunur.
İran hökuməti tərəfindən edilən açıqlamada, aşkar edilmiş litium ehtiyatı sayəsində Tehranın mobil telefonlar, noutbuklar və buna bənzər elektrik maşınlarında istifadə edilən metal istehsalı üzrə qlobal yarışda söz sahibi olacağı qeyd olunur.
Dünyada litium ehtiyatlarına görə Boliviya 39 milyon tonla birinci, Çili 19,9 milyon tonla ikinci, Argentina 12 milyon tonla üçüncü, İran isə son kəşflə dördüncü yerdədir. Sonrakı yerləri 7,7 milyon tonla Avstraliya, 6,7 milyon tonla Çin və 5,9 milyon tonla Hindistan tutur.