Aliməqamlı Rəhbər: Tələbələrin məsuliyyəti öz cəmiyyətində və dünyada dəyişiklik yaratmaqdır
İslam İnqilabının Aliməqamlı Rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei çərşənbə axşamı, mübarək Ramazan ayının 27-ci günündə universitet tələbələri və tələbə təşkilatı fəallarından bir qrupu ilə görüşündə buyurublar: "Bu gün universitet tələbəsinin məsuliyyəti onun cəmiyyətində və dünyasında dəyişiklik yaratmaqdır".
SəhərAzəri-nin məlumatına görə, İslam İnqilabının Aliməqamlı Rəhbəri Həzrət Ayətullahül-üzma bu görüşdə tələbələri, onların fəaliyyətini və tələblərini ölkə üçün fürsət və dəyər adlandırıb, tələbələrin və tələbə birliklərinin bilik əsaslarının gücləndirilməsinin zəruriliyini bir daha vurğualayaraq, ədaləti biliyin əsaslarından biri kimi xarakterizə edib və buyurublar: "Ədalətin ən bariz nümunəsi bərabərsizliyi aradan qaldırmaqdır".
Həzrət Ayətullahül-üzma Xamenei başqa bir bilik əsası kimi azadlıq haqqında buyurub: "İslamın nəzərində “maddi çərçivədən və istəklərdən azad olmaq” azadlıq mövzusunun ən mühüm hissəsidir ki, bu da tərəqqiyə və mükəmməlliyə, eləcə də durğunluq, sərtlik, əsəbilik, irticaçılıq, supergüclər, diktatorlar və digər məhdudiyyətlərdən azad olmağa yol açır".
Aliməqam Rəhbər çıxışının davamında tələbə fəaliyyətini təhlükə hesab edənlərə qarşı olduğunu bildirib və vurğulayıb: "Mənim qəti və birmənalı fikrim budur ki, tələbə, onun fəaliyyəti və tələbləri, onun ölkə məsələlərinə görə məsuliyyət hissi, problemlərin həlli üçün motivasiyası və həvəsi, ictimai hadisələrdə, siyasi hadisələrdə coşqulu iştirakı ölkə üçün fürsət və dəyərdir".
O Həzrət tələbə cəmiyyətini və ölkəni qütbləşdirmək cəhdlərini, elmi və praktiki həllər təklif etmədən qeyri-real fikir və tələbləri tələbə fəaliyyətinin zərərvericilərindən adlandırıb.
İslam İnqilabının Aliməqam Rəhbəri düşmənin strategiyasının İran xalqını özünə və imkanlarına bədbinləşdirmək olduğunu bildirib və əlavə ediblər: "Virtual məkan bir reallıqdır, lakin bəzi insanlar virtual məkandan sel kimi xəbər, məzmun və təhlil qəbul edirlər, halbuki bu məkanda və sosial şəbəkələrdə düzgün xəbər və təhlil dərc etməyə çalışmalıyıq".
Aliməqam Rəhbər azğın insanların əli ilə mənfi dəyişikliklərin yaradılması ehtimalına işarə edərək, gənclərə doğru yolda hərəkət etməyi, dini, elmi, fikri və iradi təməllərini gücləndirməyi tövsiyə etdilər və buyurdular: "Hər kəs bu sahələrdə özünü daha çox təkmilləşdirərsə, gələcəkdə daha təsirli olacaq".