Aliməqamlı Rəhbər: ABŞ sionist rejimin cinayət ortağıdır, lakin gələcəyin dünyası Fələstin dünyasıdır
İslam İnqilabının Aliməqamlı Rəhbəri buyurub: Fələstin xalqı mütləq qalib gələcək və gələcəyin dünyası Fələstin dünyasıdır, sionist rejimin dünyası deyil.
Həzrət Ayətullahül-üzma Xamenei çərşənbə günü Luristan vilayətinin Şəhidləri Anma Konqresinin təşkilatçıları və bu vilayətin bir qrup şəhid ailəsi ilə görüşdə vurğulayıblar: "Şübhəsiz və dünyanın şər qüvvələrinin bütün dəstəyinə və amerikalıların sionistlərin cinayətlərində qəti ortaqlığına baxmayaraq, bütün bu qəddarlıq və cinayətlər sonda heç bir yerə aparmayacaq və bu cari məsələdə və gələcək məsələlərdə qələbə Fələstin xalqına məxsusdur".
O Həzrət Qəzzədə baş verən hadisələri taleyüklü hesab edib və Qəzzənin səbrli xalqının məzlum, eyni zamanda qüdrətli olduğuna işarə edərək, buyurublar: "Vəhşi və qaniçən düşmən cinayət törətməkdə, uşaqları, kişiləri, qadınları, qocaları və gəncləri öldürməkdə heç bir sərhəd tanımır və Qəzzə xalqı sözün dərin və həqiqi mənasında məzlumdurlar".
İslam İnqilabının Aliməqamlı Rəhbəri bir daha fələstinli döyüşçülərin oktyabrin 7-də qəsbkar rejimə vurduğu zərbəni həlledici və misilsiz adlandırıb və buyurublar: "Zaman keçdikcə bu zərbənin düzəlməz olduğu daha çox aydın olur".
O Həzrət Amerika, İngiltərə, Fransa və Almaniya kimi zalım və şər ölkələrin başçılarının işğal olunmuş ərazilərə səfərlərini sionist rejimi məhv olmaqdan xilas etmək cəhdi kimi dəyərləndirib və əlavə ediblər: "Dünyanın şər qüvvələri görürlər ki, sionist rejim fələstinli döyüşçülərin çox güclü və həlledici zərbəsi ilə dağılır və məhv olur. Bu səbəbdən də səfələrlə, həmrəylik ifadə etməklə və bomba və digər silahlar kimi cinayət alətlərini ona verməklə yaralı və ayaqdan düşmüş rejimi güclə saxlamağa çalışırlar".
Həzrət Ayətullahül-üzma Xamenei ABŞ-ı sionist rejimin cinayət ortağı hesab ediblər və vurğulayıblar: "Amerikalıların əli qollarına qədər uşaqların, qadınların, xəstələrin və Qəzzənin digər şəhidlərinin qanına bulanıb. Əslində ABŞ Qəzzədə törədilən cinayətləri bir növ idarə edir".
İslam İnqilabının Aliməqamlı Rəhbəri Amerika, Avropa, İslam ölkələri və dünyanın digər bölgələrində dünyanın ictimai vicdanının oyanmasını sionist rejimin təkrarlanan cinayətlərinin miqyası və dərinliyinə reaksiya hesab edib və əlavə ediblər: "Avropada azadlıq və insan haqları iddiaçıları fələstinlilərin xeyrinə nümayişləri qadağan ediblər, lakin insanlar bu qadağaya məhəl qoymayaraq, küçələrə çıxırlar və qəzəblərini və kədərlərini, qışqıraraq, ifadə edirlər. Sionistlərin vəhşiliyinə qarşı xalqların reaksiyalarını heç kim dayandıra bilməyəcək".
ReplyForward