Fev 23, 2024 18:17 Asia/Baku
  • İranın mədəniyyət naziri Türkiyəyə gedib

İranın mədəniyyət və islami irşad naziri Məhəmməd Mehdi İsmaili türkiyəli həmkarının dəvəti ilə İslam Əməkdaçlıq Təşkilatına üzv ölkələrin İnformasiya nazirlərinin iclasında iştirak etmək üçün Türkiyənin İstanbul şəhərinə yola düşüb.

Bu səfərdə İsmailini onun informasiya və təbliğat işləri üzrə köməkçisi Fərşad Mehdipur və ictimai məsələlər üzrə müşaviri Atefe Xademi müşayiət edir. Bu sammitdə xüsusilə Qəzzə məsələsi müzakirə olunacaq.

Həmçinin, “Turkuvaz” Media Mərkəzinə baxış keçirmək, bu holdinq rəhbəri ilə görüş və İran filmlərinin və seriallarının Türkiyə mediasında və beynəlxalq platformalarda yayımlanması barədə danışıqlar aparmaq da bu səfər zamanı gündəmdə olan digər mövzular sırasındadır.

Mədəniyyət nazirinin Türkiyəyə bir günlük səfəri zamanı digər planlarından biri də Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin müdiri Fəxrəddin Altunla görüşdür.

Məhəmməd Mehdi İsmaili İslam ölkələrinin informasiya nazirlərinin İstanbulda keçiriləcək iclasında iştirak etmək üçün Türkiyəyə yola düşməzdən əvvəl deyib: “Mən Qəzzənin məzlum xalqını müdafiə etməyi və İran İslam Respublikasının həll yollarını vurğulayacağam. İslam ölkələrindən olan bəzi həmkarlarımla da görüşlərim olacaq”.

İranlı nazir sonda deyib: “Biz çalışırıq ki, islam ölkələri məzlum Fələstin xalqını dəstəkləmək üçün daha güclü bir addım atsınlar”.