İlahiyyatçı azadlıqda
İyul 31, 2015 10:05 Asia/Baku
Azərbaycan Respublikasında ilahiyyatçı Tale Bağırov azadlığa buraxılıb.
"Müsəlman Birliyi" hərəkatının sədri, ilahiyyatçı Tale Bağırov ötən gecə azadlığa buraxılıb. Bu barədə Tale Bağırovun yaxınları məlumat verib.Məlumatda qeyd olunur ki, Tale Bağırov Qobustan qapalı tipli həbsxanasından gecə saatlarında azadlığa çıxıb. Onun artıq evdə olduğu bildirilib.
Qeyd edək ki, Tale Bağırovun bu gün səhər saatlarında həbsdən azad olunacağı gözlənilirdi.
İlahiyyatçı Tale Bağırov narkotik maddə saxlamaqda təqsirləndirilərək, 2013-cü əvvələrində həbs olunmuşdu. Onun həbsi Azərbaycanda dindarların ciddi narazılığı ilə qarşılanmışdı.
31 yaşlı T.Bağırov Bakıda doğulub. Əslən İsmayıllının Lahıc kəndindəndir. Evlidir, 2 oğlu var. Həm dünyəvi, həm də dini təhsil alıb. Azərbaycan İqtisad Universitetini bitirib. 2005-2010-cu illərdə İranın Qum şəhərində dini təhsil alıb. 2010-cu ildən, 2011-ci ilin mayınadək İraqın Nəcəf şəhərində dini təhsilini davam etdirib.
Hacı Tale dini təhsilini bitirib Azərbaycana döndükdən az sonra - Təhsil Nazirliyinin qarşısında «Hicab qadağasına yox!» aksiyasına qatıldığına görə həbs edilib. İlyarıma yaxın məhbəsdə qalan Tale Bağırov daha sonra azadlığa çıxmışdı.
O, Azərbaycanın ayrı-ayrı rayonlarına gedərək dini moizələr oxuyurdu.