Azərbaycan prezidentinin hesabları belə qoruna bilmədi!
https://azeri.sahartv.ir/news/azərbaycan-i423916-azərbaycan_prezidentinin_hesabları_belə_qoruna_bilmədi!
Kibertəhlükəsizlik sahəsində İsraillə əməkdaşlıq uğursuz oldu. Azərbaycan prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücum ölkənin informasiya təhlükəsizliyi ilə bağlı ciddi suallar yaradıb.
(last modified 2026-11-16T12:47:17+00:00 )
Noy 16, 2026 16:46 Asia/Baku
  • Azərbaycan prezidentinin hesabları belə qoruna bilmədi!

Kibertəhlükəsizlik sahəsində İsraillə əməkdaşlıq uğursuz oldu. Azərbaycan prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücum ölkənin informasiya təhlükəsizliyi ilə bağlı ciddi suallar yaradıb.

Prezidentin Mətbuat Xidməti noyabrın 15-də hücumların müşahidə olunduğunu və aidiyyəti qurumların tədbirlər gördüyünü açıqlayıb.
Lakin hadisənin miqyası və rəsmi reaksiyanın gecikməsi diqqət çəkən məqamlardandır.
Məlumata görə, İlham Əliyevin X hesabında 10 saatdan artıq müddətdə müxalif siyasi şəxslərin çıxışları və videomüraciətləri yayımlanıb.
Paylaşımlar arasında Mehman Hüseynov, Qabil Məmmədov və Əli Kərimlinin videoları da olub.
Sonradan həmin materiallar silinsə də, dövlət başçısının rəsmi hesabının uzun müddət nəzarətdən çıxması təhlükəsizlik boşluqlarını gündəmə gətirib.
Xüsusilə bu hadisə Azərbaycanın İsraillə kibertəhlükəsizlik sahəsində qurduğu əməkdaşlıq fonunda baş verir.
Xatırladaq ki, 2022-ci ildə İsrailin Technion Universiteti ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda Kibertəhlükəsizlik Mərkəzi yaradılıb.
İlham Əliyev də 2023-cü ildə İsrail şirkətlərinin bu sahədəki təcrübəsinin Azərbaycanın təhlükəsizliyinə töhfə verəcəyini bildirmişdi. Lakin son hadisə İsrailin texnoloji təcrübəsinə əsaslanan əməkdaşlığın real nəticələrini və Azərbaycanın kiber müdafiə imkanlarını aşkar etdi.
Hücumun arxasında kimin dayandığı hələ açıqlanmayıb. Bununla belə, prezidentin hesablarının qorunmasında yaranan boşluq İsraillə əməkdaşlığın effektivliyini şübhə altına alıb.