Gəncə ziyalıları Vüqar İsgəndərovun həbsilə bağlı bəyanat yaydılar
Noy 22, 2015 10:51 Asia/Baku
Azərbaycan Respublikasında ilahiyyatçı Hacı Vüqar İsgəndərovun həbs olunmasına etirazlar davam edir. Bu dəfə isə Gəncə inanclıları bu həbsi Hacı Vüqarın ictimai fəaliyyəti və apardığı uğurlu maarifçilik addımları ilə əlaqələndiriblər.
İslamazeri saytının məlumatına əsasən, Gəncə şəhərinin bir qrup ziyalısının yaydığı bəyanatda deyilir: "Gəncə şəhərinin tanınmış ziyalısı – ilahiyyatçı və psixoloq Hacı Vüqar İsgəndərovun əsassız olaraq qəflətən, heç bir qanuni əsas olmadan evinin qarşısından aparılaraq, məhkəməyə çıxarılması və 20 sutka inzibati həbs tənbeh növü tətbiq edilərək, saxlanılmasını bütün hüquq normalarına və mənəviyyat prinsiplərinə zidd hesab edirik."Gəncə inanclılarının bəyanatında deyilir: "Sırf maarifçiliklə məşğul olan, hamı tərəfindən sevilən bir şəxsiyyətin ictimai nüfuzunu sarsıtmağa yönəlmiş, sağlam qüvvələri ruhdan salan, təəccüb və hiddətə səbəb olan bu tədbiri qınayır və yerində olmayan bir hərəkət kimi qiymətləndiririk."
Eyni zamanda ölkədə inanclı şəxslərə qarşı aparılan bütün bu kimi təqib və həbslərin də xeyirli niyyətlə edilmədiyinə inanırıq. Hesab edirik ki, bu cür həbslər ümumilikdə radikal düşüncənin inkişafına gətirib çıxarır və insanların sərt mövqeyə meylini artırır.
Xalq arasında narazılıq və parçalanma salan ləkələmə və böhtan atma işlərinə son qoymağa və saxta ittihamlarla vətəndaşların hakimiyyətə qarşı ümid və inamını sındıran hərəkətlərin qarşısını almağa çağırırıq." Gəncə inanclılarının bəyanatında belə deyilir.
Qeyd edək ki, ilahiyyatçı Hacı Vüqar İsgəndərov 18 noyabrda polis tərəfindən idarəyə aparılıb, daha sonra Nizami Rayon Məhkəməsi onun barəsində 20 sutkalıq həbs cəzası çıxarıbdır.