Əli İnsanova 7 il həbs cəzası verildi
https://azeri.sahartv.ir/news/azərbaycan-i267176-Əli_İnsanova_7_il_həbs_cəzası_verildi
Azərbaycanln Keçmiş səhiyyə naziri Əli İnsanov aprelin 25-də ikinci dəfə məhkum edilib. Qaradağ Rayon Məhkəməsində ona hökm oxunub və İnsanov bu dəfə 7 il 5 gün azadlıqdan məhrum edilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 27, 2017 04:55 Asia/Baku
  • Əli İnsanov
    Əli İnsanov

Azərbaycanln Keçmiş səhiyyə naziri Əli İnsanov aprelin 25-də ikinci dəfə məhkum edilib. Qaradağ Rayon Məhkəməsində ona hökm oxunub və İnsanov bu dəfə 7 il 5 gün azadlıqdan məhrum edilib.

Azadliq.info məlumat verir ki,  Məhkəmədə prokuror deyib ki, Əli İnsanovun psixotrop dərmanlar saxlaması, ədliyyə mayoru Anar Məmmədovun əlindən protokolu alıb cırması, ona xəsarət yetirməsi məhkəmə də sübuta yetirilib.

 

Əli İnsanovun müdafiəçilərdən Ağaveyis Şahverdi bildirib ki, Əli İnsanov heç bir cinayət törətmədiyi halda, ona qanunsuz olaraq, 11 il həbs cəzası verilib. Bu cəzanın da 10 il 10 ayını çəkəndən sonra onu həbsdən buraxmamaq üçün daha bir saxta cinayət işi hazırlanıb.

 

Məhkəmənin də obyektiv araşdırma aparmadığını, yalnız ittiham tərəfin sübutlarını araşdırdığını deyən vəkil Əli İnsanovun günahsız olduğunu vurğulayaraq, bildirib: “Əli İnsanovun həbsdən buraxılmasına 56 gün qalmışdı. Onu ən ağır şəraitdə saxladılar. 11 ildir yaxınları ilə görüşmür. Saxlanıldığı müəssisənin rejim qaydalarına həmişə əməl eləyib.”

Ardınca Əli İnsanov məhkəmədə son sözünü deyib: “

Bütün bu baş verənləri özümə qarşı terror kimi qəbul edirəm. Bir akademikə qarşı terroru bütün xalqa qarşı terror hesab edirəm. Guya mən hardasa narkotik tərkibli dərmanlar saxlamışam. Bu yalana göstəriş verənlər də elə bu işi düzüb-qoşan serjantın səviyyəsinə düşüb. Görün Azərbaycan nə gündədir… Biri tapşırır, biri qoyur, o biri də hüquqi don geyindirir. Hüquqi don geyindirən də elə həmin serjantın səviyyəsindədir. Ən az demokratiya olan cəmiyyətlərdə belə, məhkəmə iclasları canlı yayımlanır. Mənim məhkəmələrimdə isə jurnalistlərə məhdudiyyət yaradılır.”

Daha sonra Əli İnsanov üzünü prokurora tutub: “Əli İnsanov mübarizə üçün doğulub. Bilin və agah olun, Əli İnsanov ölümlə rəqs edənlərdəndir. Belə hesablayıblar ki, qarşıdan gələn iki seçkinin ikisində də Əli İnsanov həbsdə olsun. Məni 2005-ci ildə də qanunsuz olaraq, şərləyib, 11 il cəza verdilər. Azadlığa çıxmağıma az qalmış eyni prosesləri davam etdirdilər. Arzuları məhv eləmək olmaz. Mən bu yola kəfənlə çıxmışam. 11 ildə 107 məhkəməm olub, bu, 108-cidir. Bu məhkəmələrin birində də mənim xeyrimə qərar çıxarılmayıb. Bu, Ginnesin rekordlar kitabına düşəcək hadisədir .Bu gün demokratik inqilab Azərbaycanın sərhədlərinə yaxınlaşmaqdadır. Əgər ədalət bərpa olunmasa, bu yanğın bütün Azərbaycanı bürüyəcək. Azərbaycanda vəziyyət heç vaxt bugünkü qədər ağır olmayıb”.