“Qara” gündə olan media azadlığı
-
“Qara” gündə olan media azadlığı
Parisdə mənzillənən Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) aprelin 26-da təşkilat Ümumdünya Mətbuat İndeksini açıqlayıb. Azərbaycan 180 ölkə içində 162-ci yerdədir. Gürcüstan 64, Ermənistan 79, Rusiya 148, Türkiyə 155-ci yeri tutublar. Azərbaycan ötənilki indeksdə 163-cü yerdəydi.
RSF-in illik mətbuat azadlığı indeksinə rəngli xəritə də daxildir. Bu xəritədəki rənglər mətbuat azadlığının durumunu göstərir: ağ rəng – «yaxşı», sarı – «nisbətən yaxşı», narıncı – «problemli», qırmızı – «pis», qara rəng – «çox pis» durumu göstərir. Marağlısı odur ki, Azərbaycan qara, Gürcüstan və Ermənistan isə narıncı rənglə boyanıblar.
RSF-in mövqeyinə görə, cəmi bir il ərzində medianın «yaxşı» və «nisbətən yaxşı» durumda olduğu ölkələrin sayı azalıb. Artıq demokratiya modelləri sayılan ölkələrdə də jurnalistlərin durumunun pisləşdiyi vurğulanır.
180 ölkə arasında 22-ci yeri tutan Kanada ötən ildən bəri indeksdə 4 pillə geriləyib. Birləşmiş Ştatlar iki pillə geriləyərək 43-cü yerdə qərarlaşıb. Hətta adətən RSF-in indeksində öndə gedən Skandinaviya ölkələri belə bir neçə pillə geri düşüblər.
RSF bildirir ki, ABŞ prezidenti Donald Trump-ın media və jurnalistlərə qarşı səsləndirdiyi fikirlər Amerikanın söz azadlığını müdafiə ənənəsini zərbə altında qoyur. Trump jurnalistləri «yer üzündə ən vicdansız şəxslər» adlandırıb, onları «saxta xəbərlər» yaymaqda suçlayıb.
Kanadada isə azı altı jurnalist mənbələrinin aşkarlanmasından ötrü polis təqibinə məruz qalıb.
Britaniya ötən ilin sonunda kəşfiyyat xidmətlərinin nəzarətini gücləndirən qanun qəbul edib.
Sərhədsiz Reportyorlar Təşkilatı bildirir ki, indi mətbuat azadlığını təkcə avtoritar rejimlər və diktaturalar pozmur.