Türkiyə, Azərbaycan və Türkmənistan XİN başçılarının müştərək bəyanatı
https://azeri.sahartv.ir/news/azərbaycan-i276888-türkiyə_azərbaycan_və_türkmənistan_xİn_başçılarının_müştərək_bəyanatı
Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan xarici işlər nazirlərinin dördüncü üçtərəfli görüşünün yekunlarına dair bəyanat qəbul olunub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 19, 2017 15:13 Asia/Baku
  • Türkiyə, Azərbaycan və Türkmənistan XİN başçılarının müştərək bəyanatı

Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan xarici işlər nazirlərinin dördüncü üçtərəfli görüşünün yekunlarına dair bəyanat qəbul olunub.

APA-nın məlumatına görə, bəyanatda deyilir: "Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun dəvəti ilə, Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu və Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredovun (bundan sonra “Tərəflər”) iştirakı ilə 19 iyul 2017-ci il tarixində Bakı şəhərində dördüncü üçtərəfli görüş keçirilib.

Tərəflər

Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistanın Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlığı Təşkilatı  və digər müvafiq regional və beynəlxalq  təşkilatlarda qarşılıqlı fəaliyyətin vacibliyini qeyd etdilər;

Terrorçuluq, separatizm, ekstremizm və ayrı-seçkiliyin bütün forma və təzahürləri, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik maddələr və onların prekursorlarının və silahların qanunsuz dövriyyəsi, insan alveri, mədəni və tarixi irs əleyhinə cinayətlər, kibercinayətlər və qanunsuz miqrasiyaya qarşı mübarizədə əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğuladılar;

İqtisadi-ticari əməkdaşlığı gücləndirmək, sərmayə və ticarətin təşviq edilməsi üçün mövcud potensialdan istifadə etmək, həmçinin gömrük, enerji, nəqliyyat, telekommunikasiya, sənaye, kənd təsərrüfatı, elm, təhsil, mədəniyyət, turizm və ətraf mühit sahələrində birgə layihə və proqramların həyata keçirilməsi yolu ilə əməkdaşlığın daha da inkişaf etdirilməsinə dəstək verəcəklərinə dair razılığa gəldilər;

Nəqliyyat infrastrukturunun inkişafı və tranzit potensialının artırılması istiqamətində yeni layihələrin həyata keçirilməsi üçün əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğuladılar;

Xəzər dənizindən keçməklə Türkmənistanı Azərbaycan Respublikası ilə birləşdirən və Türkiyə vasitəsilə Avropaya çıxışı olan Şərq-Qərb Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişaf perspektivlərini müzakirə etdilər və üç ölkənin Böyük İpək Yolunun bərpasına yönəlmiş səylərinə mühüm töhfə verəcəyini vurğuladılar;

Xəzər dənizi hövzəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Türkmənbaşı Beynəlxalq Limanının Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizi üzərində mühüm nəqliyyat logistika qovşağına, eyni zamanda Avropa və Asiyanı birləşdirən geniş beynəlxalq logistika şəbəkəsinin bir hissəsinə çevriləcəyini və bununla da tarixi İpək Yolunun yenidən canlanmasına xüsusi töhfə verəcəyini qeyd etdilər;

Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat dəhlizi layihəsinin əhəmiyyətini vurğulayaraq, sözügedən dəhlizə zəruri dəstəyin davam etdiriləcəyini bəyan etdilər;