YAP namizədlərini açıqladı - reaksiyalar
https://azeri.sahartv.ir/news/azərbaycan-i354852-yap_namizədlərini_açıqladı_reaksiyalar
Yeni Azərbaycan Partiyasının (YAP) V çağırış Milli Məclisdə təmsil olunmuş deputatlarından kimlərin adının partiyanın deputatlığa namizədlər siyahısına daxil edilmədiyi məlum olub. V çağırış Milli Məclisin deputatı olmuş 18 YAP-çının adı namizədlər siyahısında yer almayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 28, 2019 11:08 Asia/Baku
  • YAP namizədlərini açıqladı - reaksiyalar
    YAP namizədlərini açıqladı - reaksiyalar

Yeni Azərbaycan Partiyasının (YAP) V çağırış Milli Məclisdə təmsil olunmuş deputatlarından kimlərin adının partiyanın deputatlığa namizədlər siyahısına daxil edilmədiyi məlum olub. V çağırış Milli Məclisin deputatı olmuş 18 YAP-çının adı namizədlər siyahısında yer almayıb.

Dekabrın 27-də 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində YAP-ın deputatlığa namizədlərinin irəli sürülməsi məsələsi müzakirə olunub.

Axşam saatlarında isə YAP saytında siyahı dərc edilib. Həmin siyahıdan bəlli olur ki, bu partiya 125 deputat yerindən 123-nə iddialıdır.

Partiya 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsindən namizəd irəli sürməyib.

Siyahıda YAP-dan 2015-ci il parlament seçkilərində deputat seçilən bəzi şəxslərin adları yoxdur.

Bunlardan bəziləri SOCAR prezidenti Rövnəq Abdullayev, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov, parlament sədrinin müavini Bahar Muradova, Milli Məclisin komitə sədri Arif Rəhimzadə və İqtisad Unversitetinin keçmiş rektoru Şəmsəddin Hacıyevdir.

Onların sayı ümumilikdə 20-yə yaxındır. Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl AzadlıqRadiosuna deyib ki, YAP-ın yeni siyahısında mövcud simaların 50 faizinin olacağı təxmin edilirdi: "Bu onunla bağlıdır ki, onların əlavə resursları yoxdur. Amma bu siyahının açıqlanması o demək deyil ki, məhz bu adamlar deputat olacaq. YAP-ın açıqladığı siyahıda adamların əksəriyyəti eynidirsə, bu onu göstərir ki, onların yenilənməyə bir elə həvəsi yoxdur ".

Politoloq Hikmət Hacızadə hesab edir ki, bu dəyişiklik “yuxardan” gələn tapşırıqla bağlıdır.

Onun sözlərinə görə, bir çox simaların yenidən irəli sürülməsinə imkan verilməyib.

Hikmət Hacızadə əlavə edib ki, bununla belə yeni parlament əvvəlki kimi hökümətyönlü deputatlardan ibarət olacaq: “Ola bilsin bəziləri YAP-ın üzvləri olmasın. Orada bitərəflər var. Amma bütövlükdə bu, hökümətyönlü parlament olacaq”.

Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov özünün “Facebook” səhifəsində YAP-ı möhtəşəm siyasi güc adlandırıb: “Hamı, bütün siyasi partiyalar, bizə rəqib olanlar da, bu fikrə düşməyi ağıllarına belə gətirməyən partiyalar da bu gücü etiraf edirlər”.