Putin və Əliyev Dağıstan sərhədindəki vəziyyəti yenidən müzakirə ediblər
RF prezidenti Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı telefon söhbəti zamanı ikitərəfli münasibətləri və koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərini müzakirə ediblər.
SaharAzeri Turana istinadla xəbər verir, Azərbaycan prezidentinin mətbuat xidmətinin məlumatına görə, Əliyev Putinə karantin tədbirləri ilə əlaqədar Moskvada Qələbənin 75 illiyinə həsr olunmuş hərbi paradda əvvəlcədən planlaşdırılmış iştirakının mümkün olmadığını təəssüf hissi ilə bildirib və qeyd edib ki, Azərbaycan bu tədbirdə Müdafiə naziri və Azərbaycan Ordusunun 75 nəfər hərbi qulluqçusu ilə təmsil olunacaq.
Dövlət başçıları Rusiya-Azərbaycan sərhədində yaranmış vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Prezident İlham Əliyev bildirib ki, onun Rusiya Prezidenti ilə bu il mayın 18-dəki telefon danışığından ötən dövr ərzində Samur keçid məntəqəsindən 700-ə yaxın, bütövlükdə bir ay ərzində isə quru və hava yolları ilə 1000-ə yaxın Azərbaycan vətəndaşı Rusiyadan öz ölkəsinə gətirilib.
Prezidentlər müvafiq dövlət strukturlarına sərhəddə vəziyyətin tənzimlənməsi ilə əlaqədar əlavə tapşırıqların verilməsi barədə razılaşıblar.
İyunun 15-nə keçən gecə yüzlərlə Azərbaycan vətəndaşı sərhədi keçməyə cəhd edib, bu zaman onlarla Dağıstan polisi arasında qarşıdurma baş verib. Onlarla insan saxlanılıb, hər iki tərəfdən xəsarət alan olub. 10 Azərbaycan vətəndaşına qarşı cinayət işi açılıb.
Hazırda 400-ə yaxın Azərbaycan vətəndaşı sərhəddə Vətənə buraxılmağı gözləyir.