Cavanşir Feyziyev jurnalistlər barədə nə deyib?
-
Cavanşir Feyziyev
Milli Məclisin deputatı, Mətbuat Şurasının üzvü olan Cavanşir Feyziyev onun London banklarındakı vəsaitlərinin müsadiə edilməsi barədə məlumatları yayan bir neçə jurnalisti adbaad təhqir edib.
SəhərAzəri-nin məlumatına əsasən, "Modern.az" saytında yayımlanan müsahibəsində Feyziyev ölkənin bir sıra tanınmış jurnalistini xarici ölkələrin agenti olmaqda günahlandırıb:
"....rahat qazanc, Avropada sığınacaq, maddi yardım almaq naminə özlərini xarici kəşfiyyat qurumlarına təslim etmiş və etdikləri cinayətin məsuliyyətindən rahat yaxa qurtarmaq üçün “jurnalist” və ya “siyasi fəal” adları altında müxtəlif beynəlxalq QHT-lərin donunu geyinmiş, onların köməyi ilə toxunulmazlıq statusu əldə etməyə çalışan agentlərdir.
Qənimət Zahid, Xədicə İsmayıl, Sevinc Osmanqızı, Həbib Müntəzir, Sevinc Telmanqızı, Ləman Ələşrəfqızı, Osman Gündüz, Rauf Arifoğlu, Bahəddin Həziyev və sairləri də yaxşı yaşamaq üçün vicdanlı əməyi yox, cəsusluq, donosçuluq, sabotajçılıq və böhtançılıq kimi şərəfsiz vəzifələri öz üzərlərinə götürüblər".
Cavanşir Feyziyev digər bir qism jurnalisti isə "gündəlik həyatda hamımızın tez-tez rastlaşdığımız adi dələduzlar" adlandırıb. Qeyd edib ki, "bunlar ölkəmizdə İnformasiya texnologiyalarının geniş yayılması və dövlətin onlara verdiyi sərhədsiz azadlığın bəhrəsindən ilk növbədə öz çirkin məqsədləri üçün yararlanırlar. Hərəsi bir smartfonda sayt idarə edən və ya özünə "Youtube" kanalı açan bu psevdo-jurnalistlər yüksək vəzifəli dövlət məmurları və deputatlarla yanaşı həm də imkanlı iş adamlarını hədəfə alan və müxtəlif şantaj üsulları ilə onlardan pul qoparmağa çalışan reketlərdir".
"Bu siyahıya tüfeyliliklə məşğul olan, cibgirlik, oğurluq, reketçilik, şər-böhtan və s. üstündə həbsdə yatıb-çıxmış Əvəz Zeynallı, Eynulla Fətullayev, Xədicə İsmayıl, Xalid Kazımlı kimi stajlı dələduzlarla yanaşı bu yolda hələ kövrək addımlarını atan və hələ Kürdəxanı “ziyarətinə” gedib çata bilməmiş Zaur Qəriboğlu, Məhəmməd Ərsoy, Elçin Zahiroğlu, Şahin Əhmədov, Elnur Məhərrəmli kimi çoxsaylı nisbətən gənc dələduzlar da daxildir", - Feyziyev yazıb.