Rusiya Azərbaycana şərqi Ermənistan dedi
Azərbaycan Respublikası XİN-dən Rusiyaya etiraz +VİDEO
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Rusiya XİN-i tərəfindən Azərbaycan torpaqlarının şərqi Ermənistan adlandırılmasına etiraz edib.
SəhərAzəri-nin məlumatına əsasən,Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin sosial şəbəkə hesabında Türkmənçay Müqaviləsinə dair bir yazıda İrəvan və Naxçıvan xanlıqları Şərqi Ermənistan kimi təqdim olunub.
Azərbaycan Respublikası XİN-in bu barədə verdiyi şərhdə deyilir: Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamənin imzalandığı bir gündə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sosial şəbəkə hesabında 1828-ci il Türkmənçay Müqaviləsi ilə bağlı təhrif olunmuş məlumatın paylaşılması təəccüb və təəssüf doğurur.
Ümumiyyətlə Azərbaycan və Rusiya arasında müttəfiqlik bəyannaməsinin imzalanması ilə eyni zamanda Rusiya tərəfindən Türkmənçay müqaviləsinin yada salınması bəzilərinə görə rəsmi Moskvanın həmin dövrə qayıtması anonsu kimi qiymətləndirilir.
Azərbaycan Respublikası XİN-i isə sadəcə mətndəki şərqi Ermənistan ifadəsinə etiraz etməklə kifayətlənməli olub.
Xatırladaq ki, Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin sosial şəbəkə hesabında Türkmənçay Müqaviləsinə dair bir yazı yer alıb. Həmin yazıda İrəvan və Naxçıvan xanlıqları şərqi Ermənistan adlandırılır və İran dövlətinin artıq bu xanlıqlarda erməni bölgəsinin yaradılmasına müdaxilə etməyəcəyi, eyni zamanda Türkmənçay müqaviləsinin Rusiya İmperiyası daxilində erməni xalqının birləşməsinə töhvə verəcəyi bildirilir.
Belə bir yazının Rusiya XİN tərəfindən dərc olunmasının Moskvada İlham Əliyev ilə Vladimir Putin arasında strateji müttəfiqlik bəyannaməsinin imzalandığı günə təsadüf etməsi müəyyən suallara səbəb olub.