Dünyanın növbəti alova bürünən məkanı: Ukrayna!
Müsəlman Birliyi Hərəkatı bəyanat yaydı - Rusiya QINANILDI
Azərbaycan Respublikasında Müsəlman Birliyi Hərəkatı Ukraynaya qarşı hücumlar barədə bəyanat yayaraq Rusiyanı qınayıb.
SəhərAzəri-nin məlumatına əsasən, bəyanatda deyilir:
"Artıq günlərdir ki, siyasi düşüncələrin toqquşduğu məkanda uşaq-qoca demədən dinc əhali öldürülür, evlər dağıdılır, şəhərlər hərbi təcavüzün ağır pəncəsi altında əzilir. Səbəblərin müxtəlifliyi fonunda bir həqiqət öz varlığını qoruyur: Heç bir ölkənin ərazisi ehtimal və ya sair səbəblər üzərindən hücuma məruz qala bilməz. Heç bir ölkə digər torparları özünə təhlükə adı ilə əzə, dinc əhalinin qətlini həyata keçirə bilməz.
Bəyanatda qeyd olunur ki, ərazisinin az qala hər bir nöqtəsi vurulan Ukrayna və onun xalqının yaşadığı bu məşəqqət insanlıq vicdanında bir xalqın məruz qaldığı zülm və sitəmdir. Hər bir ölkənin ərazi bütövlüyü, hər bir xalqın azad və rahat yaşamaq haqqı var. Bu haqqı ondan heç kəs öz ərazisinə təhlükə adı ilə ala və bu torpaqlara hücum edə bilməz. Bu, təkcə Ukraynanı qan çanağına döndərən Rusiyaya aid deyil, Fələstin başda olmaqla neçə-neçə müsəlman ölkəsini özünə təhlükə bilərək torpaqlarına hücum edən İsrail sionizminə, Yəmənin suverenliyinə təhdid olaraq Səduyyə koalisiyasına, İraq ərazisinə soxulan Amerika qüvvələrinə və nəhayət Azərbaycana qarşı vandallıq törətmiş Ermənistan kimi qəsbkar və qaniçən dövlətlərin addımlarına heç zaman haqq qazandırılmayacaq sadə həqiqətdir.
Müsəlman Birliyi Hərəkatı öz bəyanatının sonunda bildirir: "Biz, təcavüzə məruz qalmış Ukrayna xalqının, torpaqlarının bir hissəsi hələ də işğalda qalan bir xalq kimi hüquqlarını tanıyır və onların bu ərazilərdə heç bir təhlükə hiss etmədən rahat yaşama haqqını dəstəkləyirik. Qəsbkar Rusiya siyasətini kəskin pisləyir və buna seyrçi olan insan hüquq insitutlarının fəaliyyətsiz addımlarını kəskin tənqid edirik."