Azərbaycan Respublikasının eks-prezidenti nə ilə yadda qaldı?
Ayaz Mütəllibov vəfat edib
Azərbaycan Respublikasının keçmiş prezidenti Ayaz Mütəllibov 84 yaşında vəfat edib.
SəhərAzəri-nin məlumatına əsasən, Mütəllibov ötən axşam uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib.
Qeyd edək ki, Ayaz Mütəllibov 12 may 1938-ci ildə Bakıda anadan olub. O, 1962-ci ildə Azərbaycan Neft-Kimya İnstitutunu bitirib.
Əmək fəaliyyətinə 1958-ci ildə elmi-tədqiqat institutu bürosunun böyük texnik-konstruktoru kimi başlayıb. 1959-1974-cü illərdə Bakı məişət elektrik cihazlar zavodunda quraşdırma sexinin ustası, mühəndis, texniki nəzarət şöbəsinin rəisi, baş konstruktor, baş mühəndis, direktor işləyib. 1974-cü ildən "Bakı-elektro-məişətmaş" istehsalat birliyinin baş direktoru olub.
1989-cu ilin yanvarından Azərbaycan SSR Nazirlər Sovetinin sədri, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi bürosunun üzvü olub. 1990-cı ilin yanvarında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, daha sonra – 1990-cı ilin may ayının 18-də Azərbaycan SSR Ali Soveti tərəfindən Sovet Azərbaycanının prezidenti seçilib.
1990-cı ilin iyulundan 1991-ci ilin avqustuna kimi Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olub. 1991-ci il sentyabrın 8-də ümumi seçkilərdə Azərbaycanın prezidenti seçilib.
Prezident seçilməsinə baxmayaraq müxalif AXC hərəkatının təzyiqi nəticəsində Ayaz Mütəllibov Ali Soveti buraxıb. Onun yerinə Milli Məclisi təşkil edilib, oradakı 50 nəfərlik deputat yerlərinin yarısı müxalifətə verilib.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda ermənilər rus ordusunun köməkliyi ilə dəhşətli qətliam törədirlər. Bu faciədən sonra Milli Məclisdə xalqın dəstəyini qazanan o vaxtkı müxalifət növbədənkənar sessiyanın çağırılmasına nail olur və Ayaz Mütəllibovu tutduğu vəzifədən istefa verməyə məcbur edir, nəticədə o 1992-ci il martın 6-da istefa verir
Həmin vaxtdan etibarən - 1992-ci ildən 2012-ci ilə qədər Rusiyanın paytaxtı Moskvada yaşayıb. 2012-ci ildə yenidən Azərbaycana qayıdıb.
Allah rəhmət eləsin!