Erməni spiker Azərbaycanın 5 maddəlik təklifinin məqbul olduğunu deyib
Ermənistan parlamentinin sədri Alen Simonyan Almatı şəhərində MDB Parlament Assambleyasının (PA) Şura iclasında çıxışı zamanı deyib: "Rəsmən bəyan edirəm ki, Ermənistan üçün bu 5 maddə məqbuldur."
SəhərAzəri-nin məlumatına əsasən, Simonyan Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın Azərbaycanın münasibətlərin normallaşması üçün Ermənistana 5 maddəlik yeni təklif təqdim etməsinə cavabında belə deyib: “Hesab edirik ki, əgər bir neçə aspektləri əlavə etsək, biz bu işi həyata keçirməyə başlaya bilərik”, -
Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycanın Ermənistana münasibətlərin normallaşmasına dair 5 maddədən ibarət sənəd göndərdiyini və cavab gözlədiklərini bildirib.
Almatı şəhərində MDB Parlament Assambleyasının (PA) Şura iclasında çıxış edən Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova erməni həmkarının Azərbaycana qarşı atəşkəsin pozulması ilə bağlı ittihamlarını cavablandırıb.
Sahibə Qafarova bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin gördüyü tədbirlər nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri geri çəkilməyə məcbur edilib.
Sahibə Qafarova qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin Azərbaycan ərazilərindən tam olaraq çıxarılmasını tələb edib.