May 02, 2022 14:56 Asia/Baku
  • Qarabağ ermənilər
    Qarabağ ermənilər

Azərbaycan Respublikasının prezidenti bəyan edib ki, Qarabağ ermənilərindən müsbət siqnallar daxil olur və artıq ilk əlaqələr başlayıb. Amma, ilk növbədə separatçı əhval-ruhiyyədən əl çəkmək və reallıqları qəbul etmək lazımdır.

SəhərAzəri-nin məlumatına əsasən, Qarabağ ermənilərinin Bakıya tabe olmağa hazırlaşmaları barədə iddia ilk dəfədir ki, səslənir və rəsmi Bakı bunu beynəlxalq konfrans çərçivəsində dünya ictimaiyyətinin diqqətinə çatdırır.

Yeri gəlmişkən bildirək ki, 44 günlük Qarabağ müharibəsindən sonra Azərbaycan hakimiyyəti Dağlıq Qarabağ adlı ərazi vahidinin olmadığını və ölkənin ərazi bütövlüyünün təmin olduğunu dəfələrlə bildirsə də, de-fakto buraxılmış Minsk Qrupuna həmsədrlik edən ABŞ, Fransa və Rusiya qətiyyən məsələyə belə yanaşmırlar. O cümlədən də Vaşinqton və Parisdən gələn mesajlar kifayət qədər sərtdir və onlar status məsələsini bəzən dilə gətirməsələr də belə, Qarabağ məsələsində uzun müddətli siyasi həll yolunun tapılmasında israrlı qalaraq Azərbaycan hakimiyyətinə təzyiq göstərirlər. Və erməni separatçılarının mənafeyini əlbəttə Brüssel danışıqları çərçivəsində təmin etməyə çalışırlar. Rusiya da Cənubi Qafqazda hərb və sülh məsələlərində dominantlığını qoruyub saxlamaqdan ötrü az-çox oxşar mövqedən çıxış edir və Qərb dövlətləri kimi o da Qarabağın idarəçiliyini Azərbaycanın daxili işi hesab etmir.

Bununla əlaqədar iki həftə bundan əvvəl Paşinyan və Putin tərəfindən birgə qəbul edilmiş bəyanat müşahidəçilərin dqqətini çəkir. Erməni ekspertlər 30 bəndlik sənəddən xüsusilə 24-cü bəndi vurğulayır. Orada nəinki “Dağlıq Qarabağ” adı qeyd edilir, həm də Qarabağ münaqişəsinin həll olunmadığı vurğulanır.

Məlumdur ki, Rusiya tərəfi üçtərəfli bəyanatın müddəalarını rəhbər tutaraq Azərbaycanın Qarabağla bağlı tədbirlərinə əngəl törətməyə çalışır. Rusiyanın erməni silahlı birləşmələrini ləğv etməkdən boyun qaçırması, onlara təlim keçməsi və Qarabağda rus icması yaratması kimi hərəkətləri onu deməyə əsas verir ki, separatçı rejimin dəstəklənməsi Rusiyanın missiyalarında vacib bir elementdir və ona rəqib qrupların Bakıya hansısa müsbət mesajlar göndərməsi əbəs bir addımdır. Bu mənada Brüssel çərçivəsində Azərbaycanla Ermənistan arasında əldə oluna biləcək sülh sazişini pozmaq üçün Rusiya əlindəki imkanlardan vaz keçməyəcək və istənilən anda Ukraynada olduğu kimi burda da erməniləri özünə tabe etməyə, bölgədə referendum keçirib sonrakı müdaxilələrinə yol açmağa təşəbbüs göstərə bilər. Ona görə də Paşinyan-Putin bəyanatına Qarabağ münaqişəsinin bitməməsi barədə bəndin salınması heç də hər şeyin Azərbaycanda düşünüldüyü kimi olmadığını nümayiş etdirir.

Görünür, Moskva status-kvonun saxlanmasında və münaqişənin üçtərəfli qaydada nizamlanmasında maraqlıdır. Demək istəyir ki, burada mənim iştirakım olmadan heç bir problem həll oluna bilməz.

 

Teqlər