Növbəti Brüssel görüşünə qədər irəliləyişin əldə olunması ehtimalı azdır
https://azeri.sahartv.ir/news/azərbaycan-i392710-növbəti_brüssel_görüşünə_qədər_irəliləyişin_əldə_olunması_ehtimalı_azdır
Turan informasiya agentliyi “Azərbaycan-Ermənistan danışıqları Aİ-nin ambisiyalarını doğrultmur” başlıqli bir məqalədə Brüsseldə keçiriləcək növbəti görüşə qədər sezilən bir irəliləyişin əldə olunması ehtimalının çox az olduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 01, 2022 10:17 Asia/Baku
  • Növbəti Brüssel görüşünə qədər irəliləyişin əldə olunması ehtimalı azdır

Turan informasiya agentliyi “Azərbaycan-Ermənistan danışıqları Aİ-nin ambisiyalarını doğrultmur” başlıqli bir məqalədə Brüsseldə keçiriləcək növbəti görüşə qədər sezilən bir irəliləyişin əldə olunması ehtimalının çox az olduğunu bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Turan xəbər agentliyinin baş redaktoru Mehman Əliyevin yazdığı məqalədə Avqustun son günü Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə keçirilən dördüncü görüşə işarə olunur.

Müəllif yazır: Dörd saat davam edən görüşdən sonra Mişelin bəyanatı bu ilin may ayında keçirilən son görüşdən sonra danışıqlar prosesində hər hansı irəliləyiş nümayiş etdirməyib. Ötən dəfə olduğu kimi, Mişel Azərbaycan və Ermənistanı hərtərəfli sülhə sövq etmək üçün dörd istiqamət göstərib:

Sülh sazişi

humanitar məsələlər

sərhəd məsələləri

kommunikasiyalar

Mehman Əliyev sonra belə davam edir: Mişelin görüşün nəticəsi ilə bağlı tərəflərin son 3 ay ərzində atdığı addımlara verdiyi qiymətlə razılaşmaq çətindir. Verdiyi qiymət isə belə idi: “Son görüşümüz zamanı əldə olunmuş razılaşmaların irəliləməsi üzrə bir çox addımların atıldığını görmək sevindiricidir”.

Müəllif sonra yazır: Dörd istiqamətin heç birində real nəticə əldə olunmayıb və ikitərəfli əlaqələr intensivlikdən məhrum məşvərət xarakteri daşıyır.

Hətta ilk növbədə vacib olmayan rabitə məsələsini də Azərbaycan Brüssel görüşünə 3 həftə qalmış güc tətbiqi ilə həll etməli oldu, ordu avqustun 3-də “Qisas” əməliyyatı həyata keçirdi və o, Laçın rayonunun qaytarılması, Xankəndi-Ermənistan sərhədi yolunun bağlanması və rəsmi Bakının diktəsi ilə alternativ yolun açılması ilə başa çatdı. Bu hadisələr Ermənistanın Azərbaycanla münasibətlərin sabitləşməsi prosesini uzatmaq istəyini bir daha göstərdi. Sülh prosesinin gündəliyinin digər üç sahəsində də məhz eyni vəziyyət var.        

Ermənistan cəmiyyəti hələ də Ermənistan-Azərbaycan münasibətlərində qüvvələr nisbətinin dəyişməsi və strateji təşəbbüsün İrəvana qaytarılması ilə nəticələnəcək hansısa geosiyasi kataklizmə ümid edir. Bu kontekstdə hərtərəfli sülhə nail olmaq yolunda Brüsseldə keçiriləcək növbəti görüşə qədər sezilən bir irəliləyişin əldə olunması ehtimalı azdır.