Brüssel razılaşması icra olunub
Rəsmi Bakı tərəfindən terrorçu adlandırılan erməni silahlı dəstələrinin üzvlərinin azadlığa buraxılması Avropa və Amerika tərəfindən alqışlarla qarşılanıb.
SəhərAzəri-nin məlumatına əsasən, Avropa İttifaqı (Aİ) Azərbaycanın 5 erməni hərbçinin qarşı tərəfə təhvil verməsini alqışlayıb. Bu barədə Aİ Şurasının Prezidenti Şarl Mişel tviter səhifəsində yazıb.
“Brüsseldəki müzakirələrdən sonra daha 5 erməni hərbçinin Bakı tərəfindən təhvil verilməsini alqışlayırıq. Həll edilməmiş bütün humanitar məsələləri həlli əsas prioritetdir”, - o bildirib.
ABŞ Dövlət Departamentinin Mətbuat Xidmətinin rəhbəri Ned Prays da bildirib ki, ABŞ Azərbaycanın erməni hərbçiləri qarşı tərəfə təhvil verməsini alqışlayır.
O, qeyd edib ki, bu Ermənistan və Azərbaycan sülh prosesi üçün müsbət haldır. O, Azərbaycan və Ermənistan etimad yaratmaq və mövcud fikir ayrılıqlarını həll etmək üçün addımların atılmasına davam ediləcəyinə ümid etdiyini vurğulayıb.
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar isə 31 avqust 2022-ci il tarixdə Brüsseldə keçirilən görüşdən sonra Azərbaycanın ötən gün beş erməni hərbçini qarşı tərəfə təhvil verməsini alqışlayıb.Toyvo Klaar bu barədə tviter hesabında yazıb.
O, bunu əhəmiyyətli humanitar jest adlandırıb və təhvil-təslim prosesinin vasitəçilər olmadan baş tutmasını diqqətəlayiq sayıb.
Qeyd edək ki, Azərbaycan son Brüssel görüşündə Ermənistan və Aİ-nin irəli sürdükləri tələb əsasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən 13 dekabr 2020-ci il tarixdə Azərbaycan Respublikası ərazilərində keçirilmiş antiterror əməliyyatı nəticəsində saxlanılan Erməni silahlılardan 5 nəfərini sentyabrın 8-də azadlığa buraxılıb.
Son Brüssel görüşündə Ermənistanın istəyi əsasınd Avropanın tələbini yerinə yetirmək üçün Bakı Apellyasiya Məhkəməsi dünən həmin erməni silahlı dəstə üzvlərinin 6 illik həbs müddətini onların həbsdə olduğu müddətə endirərək dərhal azadlığa buraxıb. Keçmişdə də həmin silahlı dəstə üzvlərindən bir qrupu Avropanın tələbi ilə Ermənistana təhvil verilmişdi.