Noy 28, 2022 13:04 Asia/Baku
  • Tale Bağırzadəyə işgəncə verilir

Müsəlman Birliyi Hərəkatı sədrinin təzyiqlərə etiraz olaraq aclıq aksiyasına başladığı bildirilir.

SəhərAzəri-nin məlumatına əsasən, Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırzadə haqqında hökmdə ona verilmiş 20 illik həbs cəzasının ilk 7 ilinin həbsxana rejimində çəkilməsi nəzərdə tutulmuşdu. Noyabrın 26-da ilahiyyatçıya verilmiş 7 illik həbsxana rejiminin müddəti başa çatdığına görə oradan çıxarılıb və 12 saylı ciddi rejimli cəzaçəkmə müəssisəsinə köçürülüb. Məhbusun həyat yoldaşı bildirib ki, cəzaçəkmə müəssisəsinə daxil olduğu andan da təzyiqlər başlayıb. Müəssisənin rəis müavini onu təhqir edib. O da aclıq aksiyasına əl atıb.

“Müdafiə xətti” insan haqları təşkilatının icraçı direktoru Rüfət Səfərov da ilahiyyatçının 12 saylı cəzaçəkmə müəssisəsinə daxil olan kimi təhqir və işgəncəyə məruz qalması haqda məlumat aldıqlarını deyib.

Bu arada MBH bəyanat yayaraq, baş verənləri təxribat adlandırıb. Xatırladaq ki, 2015-ci ildə Nardaran qəsəbəsinə qarşı aparılan əməliyyat nəticəsində Taleh Bağırzadə də daxil olmaqla, 100-ə yaxın adam həbs olunmuşdu. Onlardan 42 nəfərinə dövlət çevrilişinə cəhd və terrorçuluq kimi ağır ittihamlar irəli sürülmüş və 13 ildən 20 ilə qədər azadlıqdan məhrum edilmişdilər. Digərlərinə isə 5-6 ilə qədər həbs cəzası verilmişdi.

Sonradan zaman-zaman Müsəlman Birliyi Hərəkatının bir sıra üzvləri narkotik və s. ittihamlarla həbs olunub. Hazırda hərəkatın sədri Taleh Bağırzadə də daxil olmaqla, təşkilatın bir sıra fəalları həbsdədir. Lakin Taleh Bağırzadə və digər inanclı fəallar ittihamların saxta olduğunu, hökumətin siyasətini tənqid etdiklərinə görə şərlənərək cəzalandırıldıqlarını bəyan edirlər.

 

Teqlər