AXCP sədri Tale Bağırzadənin müdafiəsinə qalxdı
Əli Kərimli: MBH lideri saxta ittihamla həbs olunub
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri siyasi məhbus Tale Bağırzadənin həbsdə işgəncəyə məruz qalmasına etiraz edib.
SəhərAzəri-nin məlumatına əsasən, Əli Kərimli feysbuk üzərindən verdiyi açıqlamada bildirib ki, Tale bəy 7 il qapalı həbsxanada cəza çəkdikdən sonra 12 saylı CÇM-nə göndərilib. Orada məruz qaldığı təhqiramiz münasibət və hədələrə etiraz edərək aclıq aksiyasına başlayıb. Bundan əlavə son həftələrdə Müsəlman Birliyi Hərəkatının daha 4 üzvü də müxtəlif qurama ittihamlarla həbs olunub.
Partiya sədrinin fikrincə, Tale bəyin özünə və tərəfdarlarına qarşı bu repressiv hərəkətlər cəmiyyətin susqunluğu şəraitində həyata keçirilir. Tale Bağırzadə və tərəfdarları hakimiyyət mediası tərəfindən cəmiyyətə İranın adamları kimi təqdim olunur. Bununla da cəmiyyət sanki "İrana yaxın adamları müdafiə edirsiz" şantajı ilə qorxudulub susdurulur, bu insanların hüquqlarının müdafiəsindən uzaqlaşdırılır.
Əli Kərimli qeyd edib ki, dövlət vətəndaşlarına müxtəlif bəhanələrlə divan tutmaz. Dövlətin işi vətəndaşlarını damğalamaq, müxtəlif iddialarla ayrımçılıq etmək, özündən uzaqlaşdırmaq yox, vətəndaşlarına sahib çıxmaq olmalıdır. Cəmiyyət də hüquqsuzluğa və ədalətsizliyə susmamalıdır.
Siyasətçi sonda yazıb: “Tale Bağırzadə indiyədək çox böyük haqsızlıqlara məruz qalıb. Saxta ittihamla həbs olunub, çox ağır işgəncələrə məruz qalıb. Ona qarşı təzyiqləri, qanunsuz münasibəti bundan sonra da davam etdirmək böyük haqsızlıqdır və durdurulmalıdır. Tale bəyin tələbləri nəzərə alınmalıdır. Ona qarşı insan ləyaqətini alçaldan rəftara, tərəfdarlarının şərlənib həbs edilməsinə son qoyulmalıdır”.