AP Azərbaycan rəsmilərinə qarşı şəxsi sanksiyalar tətbiq etməyə çağırıb
Avropa Parlamenti Azərbaycan üzrə məruzəçi xorvatiyalı deputat Jelyan Zobkonun hazırladığı “Aİ-Azərbaycan münasibətləri” adlı hesabatını səs çoxluğu ilə təsdiqləyib. Hesabatda Azərbaycan rəsmilərinə qarşı şəxsi sanksiyalar tətbiq etməyə çağırılıb.
Plenar iclasda və hesabat ətrafında müzakirələr zamanı Avropa Parlamentinin deputatlarının əksəriyyəti Azərbaycan hakimiyyətini beynəlxalq öhdəlikləri, fundamental azadlıqları və insan hüquqlarını pozmaqda tənqid edib.
Hesabatda qeyd olunur ki, Aİ Rusiyanın Ukraynaya qarşı müharibəsi kontekstində Azərbaycanla enerji sektorunda əməkdaşlıq əsasında insan haqlarının və demokratiyanın əsaslarının pozulmasına göz yummamalıdır.
Deputatlar ifadə və media azadlığına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını, fundamental insan hüquqlarına hörmətin təmin edilməsini, siyasi məhbusların azad edilməsini istəyiblər.
Hesabatda Avropa İttifaqı insan haqlarını kobud şəkildə pozan Azərbaycan rəsmilərinə qarşı şəxsi sanksiyalar tətbiq etməyə çağrılır.
Deputatlar Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması üçün təmasları alqışlayıb, lakin sərhəddə zorakılığın artmasından narahat olduqlarını bildiriblər.
Deputatlar humanitar öhdəliklərin yerinə yetirilməsini və vətəndaşların Laçın dəhlizi ilə sərbəst hərəkətini təmin etməyə çağırıblar
Avropa Şurası Nazirlər Komitəsi də (AŞNK) ötən həftə Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Azərbaycanla bağlı ümumilikdə 35 qərarının icrasını müzakirə edib. Qərarların otuzuna "Qafqaz Məmmədov qrupu" daxilində nəzarət edilir. Qrupda sərbəst toplaşmaq azadlığı ilə bağlı işlərdən bəhs edilir. Orada, əsasən, azadlıq və toxunulmazlıq hüququnun pozuntusu tanınıb. Qurum bu işlərlə bağlı qanunvericilik sarıdan islahatları zəruri sayır.
Qeyd edək ki, Ukrayna müharibəsi ilə bağlı Avropada yaranan enerji böhranından sonra bi birlik Rusiyanı əvəz edəcək alternativlər siyahısına Azərbaycan Respublikasını da daxil edib. Aİ rəsmi Bakıdan istədiyi imtiyazları almaq üçün ona qarşı insan haqları və Qarabağdakı ermənilərlə bağlı təzyiqlərini artırıb.