Apr 28, 2023 16:42 Asia/Baku
  • Azərbaycanda məhkəməsiz hökm verilir

Azərbaycan Respublikasında təqsirsizlik prezumpsiyasının pozulması qanuna zidd sayılsa da bir sıra şəxslər saxlanılır, məhkəmə qərarı olmadan müxtəlif mətbu orqanlarında onlar günahkar kimi təqdim edilir, şəkilləri dərc olunur.

SəhərAzəri-nin məlumatına görə, Son aylar dindar kəsimdən sayılan şəxslərin saxlanılması zamanı təqsirsizlik prezumpsiyasının pozulması müşahidə edilib. Onlar məhkəmə qərarı olmadan "İran casusu" adlandırılıblar.

Turan xəbər agentliyi bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Hikmət Babaoğlunun fikirlərini öyrənib. O bildirib ki, təqsirsizlik prezumpsiyası beynəlxalq hüquqda var və Azərbaycan qanunvericiliyində də öz əksini tapıb: "Bu, mühüm hüquqi normalardan biridir. Ona görə də, əlbəttə ki, nə qədər ki, şəxs haqqında məhkəmə qərarı çıxmayıb və şəxs məhkum edilməyib, onun mümkün qanun pozuntuları öz təsdiqini tapmayıb, həmin şəxs günahsız hesab olunur".

Deputatın sözlərinə görə, məsələ burasındadır ki, Azərbaycan ictimai rəyində nəinki ittiham olunan şəxslər, ümumiyyətlə, hər bir vətəndaş haqqında hərdən çox iddialı fikirlər səsləndirilir.

"Müdafiə Xətti" hüquq-müdafiə təşkilatının həmtəsisçi Rüfət Səfərov da mediyalara verdiyi açıqlamada bildirib ki, təqsirsizlik prezumpsiyası milli və beynəlxalq qanunvericiliklə dəstəklənir: "İbtidai araşdırma aparılmadan, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadan adamlara "qatil", "casus", "narkotacir", "terrorçu", "korrupsioner" və sair kimi damğalar vurulur".

Səfərov İnzibati Xətalar Məcəlləsinə edilən yeni dəyişikliklərin müsbət nəticə verəcəyini düşünmür.

Onun fikrincə, ayrı-ayrı hallarda məhkəmə qərarı olmadan siyasi fəallar, jurnalistlər haqqında "cinayətkar" fikrini səsləndirən vəzifəli şəxslər prezumpsiyadan xəbərdardırlar: "Hakimiyyətinin yuxarı qatından gələn təlimatlar əsasında bəzən heç ibtidai istintaq bitməmiş yüksək vəzifəli şəxslərin ictimai fəalları, jurnalistləri, keçmiş məmurları cinayətkar kimi təqdim etməsi problemi var. Bu da hüquq dövlətinin olmaması ilə bağlıdır".

 

 

Teqlər