Gədəbəy qəddarlığının yeni detalları açıqlanır
Söyüdlü sakini: Polislər şəhid anasını döydülər
Gədəbəyin Söyüdlü kənd sakini Sürəyya Əliyeva polislərin qəddarlıq göstərdiyini bildirib.
Gədəbəyin Söyüdlü kənd sakini Sürəyya Əliyeva polislərin qəddarlıq göstərdiyini bildirib.
O deyib:
“Polislər Şəhid anasını döydülər. İki körpə uşaq anasını döydürdülər, xəsarət alıb. Hardasa, 10 nəfər xəsarət alıb”.
Qeyd edək ki, sosial şəbəkələrdə daha öncə Gədəbəy rayonunun Söyüdlü kəndində vətəndaşlarla polis əməkdaşları arasında insidentin yaşandığını əks etdirən kadrlar yayılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məsələ ilə bağlı verilən açıqlamada bildirilib ki, iyunun 19-da günorta saatlarında Gədəbəy rayonu Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində inşa olunan süni gölün tikintisinə qanunsuz müdaxilə edib.
İdda olunub ki, polis əməkdaşları tərəfindən qaydalara əməl etməyən şəxslərlə profilaktiki iş aparılmaqla onlar ərazidən kənarlaşdırılıb.
Daha sonra hadisə yerindən yeni görüntülər yayılıb. Yayılan görüntülərdə polis əməkdaşlarından birinin ərazini tərk edən yaşlı qadının üzünə gözyaşardıcı qaz sıxdığı müşahidə olunur. Görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Bu arada texnika elmləri doktoru Elçin Cavadov bildirib ki, Gədəbəyin Söyüdlü kənd sakinləri etiraz etməkdə haqlıdırlar. Onun sözlərinə görə, sözügedən gölün tikintisi zamanı heç bir təhlükəsizlik qaydalarına riayət olunmayıb. Gölün qabaq hissəsi, o cümlədən alt hissəsində heç bir beton və ya hidroizolyasiya qoyulmayıb. Bu gün o gölün sahəsi 10 hektara çatsa da, üst hissəsi bağlanmayıb. Beləcə, sızıntı və buxarlanma vasitəsi ilə təbiət, eləcə də insanlar sianid turşusunun təsiri nəticəsində məhv olur.