Söyüdlüdə nə baş verir?
Hakimiyyət əhaliyə qarşı "qamçı və kökə" üsulundan istifadə edir
Azərbaycan hakimiyyəti Söyüdlü kənd əhalisinə qarşı "qamçı və kökə" üsulundan istifadə edir.
Turan Xəbər Agentliyi bildirir ki, bir tərəfdən, kənddə giriş-çıxışın məhdudlaşdırılması, etirazçıların saxlanmasının davam etməsilə müşayiət olunan polis əməliyyatı aparılır.
Digər tərəfdən, həkimlər sakinləri müayinə edir və kommunal xidmət işçiləri abadlıqla məşğul olurlar.
Mənbənin sözlərinə görə, kənddə polis "Söyüdlü" Whatsapp qrupunu yaradan şəxsləri müəyyən edərək saxlayır, onları iyunun 20-də kütləvi etiraz aksiyasının təşkilində ittiham edir.
Qeyd edək ki, iyunun 20-də Söyüdlü sakinləri yaxınlıqdakı qızıl mədəni tərəfindən ətraf mühitin çirkləndiyini bildirərək etiraz aksiyası keçiriblər. Polis aksiyanı sərt şəkildə dağıdıb, 10 nəfər xəsarət alıb. Beş nəfər saxlanılıb və inzibati qaydada 20 sutka həbs edilib. Digər yaşlı bir sakin 1500 manat cərimələnib. Sonradan daha bir neçə nəfər saxlanılıb. Lakin hüquq-mühafizə orqanları saxlanılanların sayı barədə məlumat vermirlər.
Sosial şəbəkələrdəki məlumatlara görə, saxlanılanların sayı çoxdur.